ABŞ Konstitusiyasına görə, prezidentin irəli sürdüyü namizədlər ABŞ Konqresinin Senatında təsdiq olunmalıdırlar. Lakin Konqresin sessiyalararası tətildə olması ilə əlaqədar prezident təkbaşına kadr təyinatları edə bilər.
Prezidentin fərmanı onun seçdiyi şəxslərə Senatın təsdiqini gözləmədən dərhal yeni vəzifələrinin icrasına başlamaq imkanı verir. Lakin Konqres növbəti sessiyasının sonunadək (2011-ci ilin noyabr-dekabrı) namizədləri təsdiqləməsə, bu əmr qüvvədən düşəcək.
Ağ ev xəbər verir ki, bu və ya digər namizəd öz müzakirələrini 147 gün gözləyərsə, Prezident Konqresin təsdiqi olmadan təyinat verə bilər. ABŞ Senatının Xarici Əlaqələr Komitəsi sentyabrın 22-də Brayzanın Azərbaycana səfir təyin edilməsini təsdiq edib. Əvvəllər Brayza ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini olub.
ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Brayzanın namizədliyi rəsmən ABŞ Prezidenti Barak Obama tərəfindən təklif edilib.
Azərbaycanda ABŞ diplomatik missiyasının başçısı vəzifəsi ötən ilin iyul ayında, ABŞ-in keçmiş səfiri Enn Dörsinin səlahiyyət müddəti bitəndən sonra boş qalıb.
Metyu Brayza 2005-ci ildə Avropa və Avrasiya məsələləri üzrə dövlət katibi köməkçisinin müavini təyin olunub. Bu vəzifədə Brayza Cənubi Qafqaz və Cənubi Avropa ilə əlaqələrə cavabdeh idi. O, ABŞ-ın Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişəsinin həlli səylərinə, Qara dəniz və Xəzər dənizi regionlarında ABŞ-ın enerji siyasətinə rəhbərlik edib.
O, 2006-2009 illərdə Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi xidmət edib.