APA-nın Dövlət Departamentinin rəsmi saytına istindən verdiyi məlumata görə, hesabatın Azərbaycanla bağlı hissəsində bildirilir ki, ölkə Konstitusiyası və müxtəlif qanunlar dini etiqad azadlığını təmin edir: “Əvvəlki hesabatdan ötən müddətdə hökumət tərəfindən etiqad azadlığının statusunun dəyişdirilməsinə dair hər hansı addım atılmayıb. Bəzi dini qrupların qeydiyyata alınmasından imtina edilib, dini ədəbiyyatın yayılmasında müəyyən məhdudiyyətlər var. Hökumət əksər dini qrupların fəaliyyətinə müdaxilə etmir. Bununla belə, yerlərdə qeyri-ənənəvi İslam qruplarının fəaliyyətinin araşdırılması faktları müşahidə olunub”.
Hesabatda qeyd olunur ki, ABŞ hökuməti ikitərəfli dialoq çərçivəsində dini etiqad azadlığı məsələlərini Azərbaycan hakimiyyəti ilə müzakirə edib. Sənəddə həmçinin bildirilir ki, ölkədəki dini çoxluq müsəlmanlardan ibarətdir və bu sahədə artım müşahidə olunur. Bununla yanaşı, ölkədə müsəlmanların müəyyən olunması dini deyil, milli əlamətlərə əsasən aparılır. Azərbaycandakı müsəlmanların 65%-i şiə, 35%-i sünnidir. Bundan başqa, ölkədə xristianlar (pravoslavlar, katoliklər) və yəhudilər yaşayırlar. Dini qruplar qanuni fəaliyyət göstərmək üçün dövlət qeydiyyatından keçməlidirlər. Azərbaycanda hazırda 500-dən çox dini qurum qeydiyyatdan keçib.
Hesabatda bildirilir ki, ibadətlərə ümumilikdə hökumət tərəfindən heç bir maneə yaradılmır. Bununla belə, Neftçala və Əliabadda baptistlərin ibadət etmələrinə müəyyən məhdudiyyətlərin qoyulması qeydə alınıb. Bəzi qeyri-ənənəvi İslami cərəyanların daşıyıcıları da hakimiyyət strukturlarının münasibətindən narazıdırlar. Hakimiyyət pasport üçün baş örtüyündə şəkil çəkdirməyə icazə verməsə də, insanların hicabda gəzməsinə heç bir qadağa yoxdur.
Sənəddə o da qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi hələ də həllini tapmayıb, bu da öz növbəsində, azərbaycanlılarla ermənilər arasında düşmənçiliyin davam etməsinə gətirib çıxarır. Etnik erməni separatçılarının nəzarəti altında olan Azərbaycan ərazilərindəki dağıdılmamış məscidlər isə fəaliyyətsizdir.