ABŞ-da yəhudi icmasının ən nüfuzlu toplantısında Azərbaycanla bağlı müzakirələr keçirilib


ABŞ-da yəhudi icmasının ən nüfuzlu və genişmiqyaslı toplantısında Azərbaycanla bağlı müzakirələr keçirilib. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Səfir Elin Süleymanov Amerika İsrail İctimai Əlaqələr üzrə Komitəsinin (The American Israel Public Affairs Committee) “Gələcəyi birgə formalaşdıraq” başlığı altında keçirilmiş İllik Siyasi Konfransında geniş auditoriya qarşısında çıxış etmişdir. Konfrans çərçivəsində keçirilmiş “İsrailin Cənubi Qafqaz dövlətləri ilə münasibətləri” mövzusunda müzakirələrin digər iştirakçıları Cons Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutu nəzdində fəaliyyət göstərən İpək Yolu Araşdırmaları Proqramının direktoru Svante Kornel (Svante Cornell) və Hayfa Universitetinin baş mühazirəçisi Brenda Şaffer olmuşdur.

İlk olaraq, Azərbaycanın ABŞ-la münasibətləri haqqında məlumat verən diplomat iki dövlətin enerji sektoru, terrorçuluğa qarşı mübarizədə yaxından əməkdaşlıq etdiyini, regional inkişafı və inteqrasiyanı surətləndirəcək gündəmdə olan enerji layihələrinin reallaşmasında ABŞ-ın siyasi dəstəyinin vacib olduğunu demişdir.

Süleymanov Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin tarixindən bəhs edərək, bu münasibətlərin strateji müttəfiqlik xarakter almasında azərbaycan xalqı ilə ölkəmizdə məskunlaşmış yəhudi icması arasında münasibətlərin rolunun danılmaz olduğunu bildirmişdir.

Tarixən yəhudilərin əhalisinin əksəriyyətinin müsəlman olduğu dövlətdə dinc, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadığını qeyd edən səfir yəhudi icması nümayəndələrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılarla çiyin-çiyinə vuruşduğunu və qəhramanlıqla şəhid olması faktının Azərbaycan xalqının heç vaxt unutmayacağını qeyd etmişdir.

Hazırda İsrailin enerji resurslarına olan tələbatının 40 faizinin Azərbaycan tərəfindən ödənildiyini bildirən səfir yüksək səviyyəli rəsmi səfərlərin münasibətlərin daha da dərinləşməsi baxımından önəmliyini qeyd etmiş və bu xüsusda, İsrail Prezidenti və xarici işlər nazirinin ölkəmizə səfərlərini xatırlatmışdır.

Etnik və dini rəngarəngliyin Azərbaycan dövlətinin milli sərvəti olduğunu bildirən səfir tolerantlığın təşviqinə ölkə rəhbərliyi tərəfindən daim xüsusi diqqət ayrıldığını vurğulamış, nəticədə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoq üçün nümunəvi platformaya çevrildiyini demişdir.

Daha sonra çıxış edən S.Kornel Cənubi Qafqaz regionunun strateji coğrafi mövqeyinin region dövlətlərinin beynəlxalq arenada münasibətlərinin xarakterinin formalaşmasına təsir göstərdiyini qeyd etmişdir. Regionu Qərblə Şərq arasında “həyati əhəmiyyətə malik dəhliz” kimi qiynətləndirən Kornel bu xüsusda Rusiya və İranla sərhədə malik yeganə dövlət olan Azərbaycanın mövcud reallıqlar və həssas qonşuluq şəraitində İsraillə strateji əməkdaşlığa sadiqliyinin xüsusi önəm daşıdığını vurğulamışdır.

B.Şaffer çıxışında Azərbaycanda şahidi olduğu tolerantlıqdan bəhs edərək, ölkəmizin torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, terrorçuluğun təbliğ edilmədiyi sülhsevər bir məkan olduğunu bildirmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən B.Şaffer bu kontekstdə Ermənistanın İranla münasibətlərindən xüsusilə bəhs etmişdir.

Məlumat üçün bildirək ki, ABŞ-dakı yəhudi icmasının ən genişmiqyaslı toplantısı olan İllik Siyasi Konfrasda bütün ştatlardan on üç mindən çox nümayəndə iştirak edir. Konfransın bu ilki əsas çıxışçıları sırasına ABŞ-ın vitse-prezidenti Co Bayden, İsrailin müdafiə naziri Ehud Barak, Kanadanın xarici işlər naziri Con Beyrd daxildir

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO