“YUNESKO və Avropa Şurasının faktaraşdırıcı missiyasının Azərbaycanın işğal olunmuş ərazilərinə gözlənilən səfəri hələ danışıqlar səviyyəsindədir”. Bunu Mədəniyyət və Turizm Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması mövzusunda keçirilən dəyirmi masada nazir Əbülfəs Qarayev deyib.
Nazir qeyd edib ki, uzun müddətdir nəzərdə tutulan bu səfərlərin gecikməsinə səbəb, qonşu tərəfin törətdiyi əngəllərdir. “Biz YUNESKO və Avropa Şurasının faktaraşdırıcı missiyasının gəlməsi ilə bağlı uzun müddətdir danışıqlar aparırıq. Bu danışıqlar bu gün də davam edir. Amma bu səfər mütləq hər iki tərəfin qarşılıqlı razılığı əsasında həyata keçirilməlidir. Maddi irsin vəziyyətinin təyin edilməsi, missiyanın hansı tərəfdən gəlməsi və nə zaman gələcəyi ikitərəfli razılaşdırma əsasında reallaşmalıdır”, deyə Ə.Qarayev qeyd edib.
Onun sözlərinə görə, qonşu tərəf (Ermənistan) daim buna əngəllər törədir. “Biz isə Azərbaycan tərəfi olaraq bu səfərə açığıq. Bu səfərlərin həyata keçirilməsi üçün xüsusi şərtlər var: “Biz tələb olunan şərtlərə riayət edirik. Lakin qarşı tərəf hər zaman əngəl törədir. İndi olmasın, sabah olsun deyə-deyə bu işi uzadırlar. Və sözsüz ki, bu cür hallar həm YUNESKO, həm Avropa Şurasının faktaraşdırıcı missiyasının gəlməsini kifayət qədər çətinləşdirir”, deyə nazir əlavə edib.
ANS Press