Avropa Şurası institutlarının normal fəaliyyəti ilə bağlı qurumda institusional böhranın olmasını düşünmürəm. Bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Luis Maria de Puç bazar ertəsi qurumun yay sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib. AŞ PA sədri bildirib ki, Büronun səhər keçirilən iclasında AŞ-nın yeni Baş katibinin seçilməsi məsələsinin sessiyanın gündəliyinə salınmamasına dair yekdilliklə qərar qəbul edilib.
“AŞ PA sədri kimi mən həmişə Assambleyadakı əksəriyyətin mövqeyini dəstəkləmişəm. Mən bu mövqeyi deputatların bu məsələ ilə bağlı AŞ PA-nın aprel sessiyasında verdiyi qərarda ortaya qoydum. Bu gün səhər Büro seçki məsələsinin gündəliyə salınmamasına qərar verdi. Biz demokratiya yolunu seçirik”, – deyə Luis Maria de Puç bəyan edib.
AŞ PA sədri bildirib ki, əgər sessiya çərçivəsində AŞ-nın yeni sədri seçilməzsə, bu halda yeni bir mərhələ açılacaq: “Bu o deməkdir ki, AŞ PA Nazirlər Komitəsinin təklifini qəbul etmir. Mən bu məsələni Nazirlər Komitəsinin (NK) sədri, Sloveniyanın xarici işlər naziri ilə bu gün müzakirə edəcəm. Biz AŞ PA ilə NK-nin mövqeyini yaxınlaşdırmaq üçün müzakirələr aparacağıq”.
“AŞ PA-nın mövqeyi budur ki, Baş katibin seçkisi ilə bağlı prosedur qaydası pozulub. NK qurumla bu məsələ ilə bağlı ilkin məsləhətləşmələr aparmadan qərar qəbul edib. Bəzi prosedur pozuntularını nəzərə almasaq, ümumilikdə prosedur düzgün aparılıb. Bu, hüquqi problemdir”, – o deyib.
“Baş katibin seçkisi ilə bağlı NK ilə iyun ayını 18-də keçirilən birgə müzakirələrimizdə NK tərəfindən müsbət bir yanaşmanın, mövqeyin şahidi olduq. Amma fikir ayrılığı qalmaqdadır. Ümid edirəm ki, bu məsələdə razılıq əldə olunacaq. Fikirləşirəm ki, AŞ-nin fəaliyyəti normal olacaq. İnstitusional böhranın olmasını düşünmürəm”, – Luis Maria de Puç əlavə edib.
“Bir daha qeyd edirəm ki, AŞ Baş katibinin seçki məsələsi bir daha sessiyada müzakirə olunacaq. Bu AŞ PA deputatlarının verəcəyi qərardan asılı olacaq. Bu məsələdə AŞ PA-nın mövqeyini könüllü olaraq qəbul edəcəyəm”, – o qeyd edib.
“Seçiləcək yeni Baş katiblə münasibətlərə gəlincə, deyə bilərəm ki, mən onu kamil səviyyədə görürəm. İstəyirik ki, Baş katibin mövqeyi güclənsin, o, hər iki tərəfin – AŞ PA və NK konsensusu əsasında seçilsin Biz arzu edirik ki, Baş katib AŞ PA-nın əksər səs çoxluğu və güclü siyasi dəstəyi əsasında seçilsin. Mən seçiləcək yeni Baş katiblə münasibətlərimi kamil səviyyədə görürəm”, – AŞ PA sədri bildirib.
Trend News