Aİ-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, bəyanatda Aİ Azərbaycanda fundamental azadlıqlara hörmətlə yanaşma sahəsindəki problemlərdən narahat olduğunu bildirib. Sənəddə aprelin 2-də keçirilmiş aksiyanın qarşısının alınması və xeyli sayda iştirakçının saxlanması, bəzi şəxslərin ittiham edilməsi əksini tapıb və qurum Azərbaycan hakimiyyətini bu şəxsləri azad etməyə çağırıb.
Bəyanatda son günlər bir neçə jurnalistə təzyiq edilməsi ilə bağlı narahatlığını ifadə edən Aİ bu hadisələrə dair ATƏT-in Media Azadlığı üzrə nümayəndəsinin bəyanatını dəstəklədiyini qeyd edib. Aİ dövlət qurumlarını bu halları açıq şəkildə ifşa etməyə, jurnalistlərə qarşı törədilən zorakılığın günahkarlarını ədalət mühakiməsinə cəlb etməyə və gələcəkdə bu cür halların qarşısını almağa çağırıb: “Biz ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıya son səfəri zamanı onun hər bir demokratik dövlət üçün sərbəst toplaşma azadlığının mühüm olduğuna dair bəyanatını xatırladır, Azərbaycanı demokratik islahatları davam etdirməyə çağırırıq”.
Bəyanatda qeyd olunub ki, ATƏT, Avropa Şurası və Avropa İttifaqının müəyyən etdiyi dəyərləri rəhbər tutaraq, Avropa İttifaqı Azərbaycanda gələcək islahatların aparılmasında göstərdiyi dəstəyi davam etdirməyə hazırdır.
Avropa İttifaqı Azərbaycanla əlaqələrinin intensivləşdirilməsinə verdiyi əhəmiyyəti xatırladır, Azərbaycan hökumətini Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində təklif olunan imkanlardan tam istifadə etməyə çağırır.