Avropa bürosunun məlumatına görə, daha sonra o parlamentarların suallarını cavablandırıb. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva martın 8-də Ermənistan Silahlı Qüvvələrinin Ağdam rayonunun 9 yaşlı sakini Fariz Bədəlovu öz evlərinin həyətində oynayan zaman snayperlə başından hədəf alaraq qətlə yetirdiyini baş katibin diqqətinə çatdırıb: “Ermənistan tərəfinin bu addımları beynəlxalq hüquq normaları ilə yanaşı Ermənistanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə, AŞPA-nın 1416 saylı qətnaməsinə tamamilə ziddir. Eyni zamanda bu, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə də böyük zərbədir. Avropa Şurasının baş katibi olaraq sizin bu məsələyə münasibətinizi bilmək istərdik. Avropa Şurası bu cür addımların dayandırılması, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsini tələb edən 1416 saylı Parlament Assambleyası qətnaməsinin yerinə yetirilməsi istiqamətində yaxşı rol oynaya bilər və sizcə oynamalıdırmı?”
Baş katib suala cavabında bildirib ki, Qənirə Paşayevanın söylədikləri – faktdır: “Sizin dediyiniz bir faktdır. Hesab edirəm ki, biz Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, dondurulmuş münaqişələr olan regionlarda yetərincə işləyə bilmirik. Bu istiqamətdə ciddi nəticə və irəliləyişlər əldə etməmişik. Fikrimcə, biz bu problemlərin həllində öz töhfəmizi verməliyik. Necə ki, biz etimad mühiti və insan haqlarının qorunması istiqamətində bunu Rusiya-Gürcüstan münaqişəsi zamanı az da olsa, ortaya qoyduq. Hesab edirəm ki, Avropa Şurası bu regionlarda əzmkarlığını nümayiş etdirmək üçün daha çox səy göstərməlidir”.