Nazirlər Kabineti “Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq” və “Asiman” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişə Azərbaycan hökumətinin təminatı və öhdəliklərini təsdiq edib. Bu barədə kabinetin məlumatında deyilir. Ötən il oktyabrın 7-də ARDNŞ və Böyük Britaniyanın ÂÐ şirkəti Bakıda Xəzərin Azərbaycan sektorundakı “Şəfəq” və “Asiman” perspektiv strukturlarının kəşfiyyatı və işlənməsi üzrə PSA tipli müqavilə imzalayıblar. ARDNŞ tərəfdən sənədi şirkətin prezidenti Rövnəq Abdullayev, BP tərəfdən “BP Azerbaijan” şirkətinin rəhbəri Rəşid Cavanşir imzalayıblar.
Müqavilə 30 illik müddətə imzalanıb. Kəşfiyyat dövrü 4 ildir. Onun sonralar daha 3 il uzadılması mümkündür. Birinci mərhələdə iki quyunun qazılması planlaşdırılır. İkinci mərhələdə, zərurət olarsa, daha 2 quyu qazılacaq. İstismar dövrünə keçərkən tərəflər layihə çərçivəsində birgə operatorluq həyata keçirəcəklər. Müqavilədə iştirak payının bölüşdürülməsi əllinin əlliyə nisbətindədir.
Strukturların ehtiyatları 300-500 milyard kubmetr qaz həcmində qiymətləndirilir.
“Şəfəq” və “Asiman” strukturları Bakıdan 125 kilometr cənub-şərqdə yerləşir. 2009-cu ilin iyulunda ARDNŞ və BP Londonda Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq” və “Asiman” perspektiv strukturlarının birgə geoloji kəşfiyyatı və işlənməsi üçün anlaşma memorandumu inzalayıblar.
Blok dənizin dərinsulu hissəsində – suyun dərinliyinin təxminən 650-850 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7 min metrdir.
BP “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlar bloku və “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinə dair layihələrə başçılıq edərək, Azərbaycanda əsas xarici neft investorudur. BP həmçinin Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərlərinin operatorudur.