Tədbiri giriş sözü ilə fondun prezidenti Rauf Sultanov açmışdır. O, bu günün mövzusunun ölkəmizdə gündəmdə olması haqda məlumat verərək, bu istiqamətdə müxtəlif təşkilatların üzərinə müəyyən məsuliyyət yükünün də düşdüyünü qeyd etmişdir.
Sözü Fondun icraçı direktoru Rüstəm Əliyev davam etdirərək, Bakı şəhər əhalisi arasında keçirilmiş sorğunun nəticələrini əks etdirən təqdimatı nümayiş etdirərək, sorğu haqda ətraflı məlumat vermişdir.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutun direktoru Məmməd Salmanov çıxış edərək, bütün dünyada insan xəstəliklərinin səbəbinin 85 faizi su ilə bağlı olmasını qeyd etmiş və Azərbaycanda da bu səbəblərin araşdırılmasının vacibliyini bildirmişdir. İçməli su probleminin aradan qaldırılması istiqamətində işlər davam etdirilməlidir. Bakı şəhərində keyfiyyətli içməli su probleminin həlli yolları, yeni xətlərin çəkilməsi haqqında AR ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş hidrogeoloqu Paşa Kərimov çıxış etmişdir.
AR Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal Gigiyena bölməsinin müdiri Leyla Tağızadə isə Dövlət sanitariya xidməti tərəfindən respublikada 2010-cu il ərzində içməli su üzərində aparılan nəzarət haqqında, yeni çəkilmiş Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə gələn suyun normalara cavab verməsi haqda geniş informasiya vermişdir. Bakı və Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin su təminatının təhlükəsizliyi haqqında və Ceyranbatan su anbarı ərazisi yaxınlığında fərdi evlərin tikilməsinin qeyri-qanuni olduğunu isə AR Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin infrastruktur şöbəsinin rəhbəri Arif İsgəndərov bildirmişdir. Bakı Dövlət Universitetinin coğrafiya elmləri doktoru, professor Telman Xəlilov əhalinin yeni çəkilmiş Oğuz-Qəbələ-Bakı su kəməri haqqında lazımi informasiyaya malik olmaması, içməli suyun keyfiyyətinə nəzarət və maarifləndirmə işləri haqda çıxış etmişdir. ARDNŞ-ın Ekologiya idarəsinin rəis müavini Əflatun Həsənov isə NANO texnologiya və əks osmos sistemli su filtrləri üsulu ilə suyun təmizlənməsinin vacibliyi haqda informasiya vermişdir. Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin məsul işçisi Pənah Abdullayev də mövzunun ölkəmiz üçün vacibliyini bildirdi. İçməli suyun keyfiyyəti və çəkilən boruların neft çıxarılmayan ərazilərdə olmasının vacibliyi haqda isə Səbail rayon icra hakimiyyətinin Rayon təsərrüfat şöbəsinin müdiri Elman Yəhyayev məlumat vermişdir. Xətai icra hakimiyyətinin nümayəndəsi Maarif Hüseynov su haqda ümumi informasiya vermişdir. Qaradağ icra hakimiyyətinin nümayəndəsi Elbrus Ağayev isə rayonlara verilən suyun keyfiyyəti ilə bərabər kəmiyyətinin də artırılmasını diqqətə çatdırdı.
Tədbirdə, ATƏT-in Bakı ofisinin, Tibb Universitetinin, Abşeron, Yasamal, Sabunçu, Nizami, Binəqədi İcra Hakimiyyətlərinin, müxtəlif QHT nümayəndələri və KİV təmsilçiləri iştirak etmişdir.
AESMF ekoloji istiqamətdə fəaliyyətini davam etdirir, bundan sonra da davamlı olaraq ekoloji təbliğat işini həyata keçirəcəkdir.