Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü Əli Hüseynli bildirib.
Onun sözlərinə görə, müvafiq qanun layihəsi artıq parlamentə təqdim olunub: «Yaxın günlərdə siz bunun şahidi olacaqsınız. Cənab prezident tərəfindən antikorrupsiya ilə bağlı qanunlara edilən əlavə və dəyişikliklər layihəsi parlamentə təqdim edilib».
Gözlənilən dəyişikliklərin detallarını açıqlamayan komitə sədri bildirib ki, qanunvericiliyə dəyişikliklər dövlət və inzibati orqanların fəaliyyətində şəffaflığa xidmət edəcək, pozuntu hallarının qarşısının alınmasına yönələcək. Dövlət orqanlarında korrupsiyaya qarşı mübarizə məqsədilə inzibati tədbirlərlə yanaşı, maddi həvəsləndirmədən də istifadə olunacaq: «Sonuncu layihəni – Dövlət Yol Polisi ilə bağlı dəyişiklikləri gördünüz. Başqa sahələr üzrə dəyişikliklər də bu qəbildən olacaq. Yəni həm maddi həvəsləndirməni, həm də inzibati üsulları biz bir-biri ilə əlaqədə görürük, başqa formada mümkün deyil».