Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının uğurla icra edildiyini bildirən dövlət başçısı bu proqramın icrası nəticəsində görülən işlərin hazırkı reallıqları yaratdığını söyəyib.
Prezident ölkədə ümumi vəziyyətin də yaxşı olduğunu vurğulayıb: “Planlar həyata keçirilir, iqtisadiyyat artır. Energetika sektorunda əldə edilmiş uğurlar, xüsusilə neft-qaz sənayesində görülmüş işlər həm bizim maliyyə imkanlarımızı artırır, həm də dünyadakı mövqelərimizi möhkəmləndirir. Bizim artıq böyük valyuta ehtiyatlarımız var və özümüzü çox rahat və əmin hiss edirik. Bununla bərabər, bütün görülmüş işlər onu göstərir ki, planlı şəkildə qurulmuş iş olan yerdə nəticə də olacaq. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, daha da böyük işlər görməliyik, iqtisadiyyatımızı, sosial siyasəti daha da gücləndirməliyik. Keçən il minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırılıb. Azərbaycanda orta əməkhaqqını dollarla hesablasaq, 400 dollardan artıqdır. Ancaq yenə də deyirəm, bu, bizi qane edə bilməz. Bütün səylərimiz ona yönəlməlidir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Düzdür, son yeddi ildə yoxsulluğun səviyyəsinin 4 dəfə düşməsi, təxminən 44 faizdən 9,1 faizə enməsi görülmüş işlərin nəticəsidir. Amma bu da çoxdur. Son yeddi ildə 900 mindən çox iş yeri açılıb ki, onlardan 700 minə qədəri daimidir. İşsizliyin böyük hissəsi aradan qaldırılıb, amma hələ də işsizlik var. Xüsusilə 2011-ci ildə və ondan sonrakı illərdə biz bu sahələrə xüsusi diqqət göstərəcəyik ki, bütün çatışmayan məsələləri həll edək”.
Dövlət başçısı sahibkarlığın inkişafına da böyük diqqət göstəriləcəyini qeyd edib: “Azərbaycanda sahibkarlar sinfi formalaşır və mən daim sahibkarlarla görüşürəm. Hətta xarici səfərlərə də özümlə aparıram ki, biz onları beynəlxalq bazarlara çıxaraq. Biz Azərbaycan iş adamlarının beynəlxalq bazarlara çıxması üçün siyasi fəaliyyət də göstəririk. Ölkə daxilində sahibkarlığın inkişafı üçün güzəştli şərtlərlə uzunmüddətli kreditlər, subsidiyalar ayrılır. Əlbəttə, siyasi dəstək çox vacibdir. Bəzi hallarda xüsusilə sahibkarlara qarşı ədalətsiz hərəkətlərin aradan qaldırılması üçün son zamanlar çox ciddi tədbirlər görülür. Bu tədbirlər mütəmadi qaydada görülür, amma hesab edirəm ki, biz bu sahədə səylərimizi daha da gücləndirməliyik. Əsassız müdaxilələrə, lazımsız yoxlamalara son qoyulmalıdır. Azərbaycan öz iqtisadiyyatını tam şəkildə bazar münasibətləri prinsipləri üzərində qurub. Bazar iqtisadiyyatının qanunları tələb edir ki, sahibkarlıq sinfi güclənsin. Bizim böyük sənaye müəssisələrimiz var – neft-qaz sənayesi, digər sənaye müəssisələri. Ancaq ölkəmizin inkişafı üçün sahibkarlığın, orta və kiçik sahibkarlığın inkişafı başlıca şərtdir. Bu məqsədlə biz son illər Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər ayırmışıq, vəsait vermişik. Bütün bu işləri görmüşük, bununla bərabər, yenə də deyirəm, bütün bu sahələrdə şəffaflıq olmalıdır, ədalət olmalıdır”.
Prezident Azərbaycanda böyük işlər görüldüyünü, bununla belə, hələ çox iş görülməli olduğunu diqqətə çatdırıb: “Biz ölkəmizi müasirləşdirməli, həm siyasi, həm də iqtisadi islahatlar baxımından inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmalıyıq. Ölkədə ictimai nəzarət daha da güclü olmalı, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bu məsələlərin həlli ilə bağlı bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında verdiyim tapşırıqlar yerinə yetirilir. Mən Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat versin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq”.
Dövlət başçısı qarşıda çox böyük perspektivlərin olduğunu qeyd edib: “Azərbaycan sözün əsl mənasında inkişaf etmiş ölkəyə çevrilməlidir, bu bizim məqsədimizdir. Baxmayaraq ki, dünyada inkişaf etmiş ölkələrin sayı çox deyil, hesab edirəm, bizim imkanımız var ki, biz bütün meyarlar üzrə o sıraya daxil olaq. Bunu etmək üçün təkcə iqtisadi uğurlar kifayət deyil. Ölkədə gərək bütün sahələr ən yüksək meyarlarla ölçülsün. Sosial təminat, infrastruktur layihələri, sosial ədalət prinsipinin bərqərar olması, məhkəmə-hüquq sistemində aparılan islahatlar və ədalətli qərarların çıxarılması, icra orqanlarında şəffaflığın təmin olunması, bütün maliyyə sistemimizdə şəffaflığın maksimum dərəcədə təmin olunması, ictimai nəzarət, demokratiyanın inkişafı – yəni inkişaf etmiş ölkələr bax bu sahələrdəki uğurlar hesabına inkişaf etmiş ölkələr hesab olunur. Biz də bu yolla getməliyik, başqa yolumuz yoxdur. Bunu etmək üçün əlbəttə ki, təkcə rəhbərliyin siyasi iradəsi kifayət etməz. Burada bütün ictimaiyyət, bütün vətəndaşlar bir olmalıdırlar. Biz bir məqsədə qulluq etməliyik ki, ölkəmiz inkişaf etsin, güclənsin, sosial rifah daha da yüksək səviyyədə olsun, iqtisadiyyat daha da möhkəm olsun. Belə olan halda uzunmüddətli inkişaf strategiyamız öz nəticəsini verəcək”.