Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri, prezidentliyə namizəd Fuad Əliyevin seçkilərdə onu təbliğ edəcək 30 vəkilini siyahısı dünən Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiqlənib. APA bu gün prezidentliyə namizədin vəkillərinin siyahısını əldə edib. Belə ki, prezidentliyə namizədin 30 vəkilinin 9-u Nəzərov soyadlı şəxsdir. Həmçinin, siyahıdakı Nəzərovların 3-ü digər vəkil Nəzərov Vahid Şahməmməd oğlunun övladıdır. Siyahıda adları olan digər vəkillərin daha bir neçəsinin də ata-oğul olduğu, beləliklə də, vəkillərin cəmi bur neçə ailənin üzvləri olduğu aydınca görünür. Prezidentliyə namizəd F. Əliyev isə APA-ya açıqlamasında burada qeydi-adi halın olmadığını bildirib: “Əgər bir ailənin başçısı bizim partiyanın üzvüdürsə, onun ailə üzvlərinin də partiya üzvü olması təbiidir. Həmçinin, hər bir fəal partiya üzvünün namizəd kimi partiya sədrinin vəkili olmasında da problem görmürəm”.