Yeni məcəllənin qəbulu gömrük sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlverişli şərait yaradacaq. Bu barədə Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyev iclasda bildirib. Məcəllənin yeni redaksiyasında dünya praktikasına uyğun olaraq gömrük nümayəndəliyi, gömrük mallarının təsnifatı kimi məsələlər, qiymətləndirmə metodologiyası və mənsub olduğu ölkə ilə bağlı məcburi qərar, gömrük borcları və borcların ləğv edilməsi qaydası, zəmanətdən istifadə üzrə maddə, azad zonalar, onların yaradılması və ləğvi, gömrük prosedurlarının elektron modeli və digər yeni normalar əks olunub.
Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, gömrük sistemi ölkənin iqtisadi təhlükəsizliyini təmin edir: “Azərbaycanda kifayət qədər inkişaf etmiş, müasir avadanlıqlar və İT texnologiyaları ilə təchiz olunmuş gömrük sistemi yaradılıb”. Onun sözlərinə görə, Gömrük Məcəlləsinə dəyişikliklərin edilməsi zərurəti zamanın tələblərindən irəli gəlir.