Bakı şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanların 3-cü iclası çərçivəsində Baş prokuroru Zakir Qaralov Türkiyə, İran, Pakistan və Özbəkistandan olan nümayəndə heyətləri ilə görüşüb.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Türkiyə Baş prokurorunun müavini Halil Adıgözəlin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Z.Qaralov iki qardaş ölkənin dövlət başçılarının siyasi iradələri ilə reallaşan nəhəng enerji və nəqliyyat layihələrinin bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına, xalqlarımızın rifahına xidmət etdiyini vurğulayıb.
Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin fəaliyyəti, həmçinin prokurorluq orqanlarının qarşısında duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.
Eyni zamanda Pakistan İslam Respublikasının Milli Hesabatlılıq Bürosunun rəisi Zahir Şahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycanla Pakistan arasında korrupsiyaya qarşı mübarizədə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib, iki ölkənin hüquq mühafizə orqanları arasında işgüzar əlaqələrin daha da genişlənməsi, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində qarşılıqlı təcrübənin öyrənilməsi barədə geniş fikir mübadiləsi aparılıb.
Baş prokuroru Zakir Qaralov İran nümayəndə heyətinin rəhbəri, Baş Təftiş Təşkilatının sədri Naser Serac ilə görüşüb.
Görüşdə hüquq mühafizə və ədliyyə orqanları arasında yaranmış işgüzar əlaqələrin daha da genişlənməsi, o cümlədən cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya məsələləri, terrorizmə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikası və İran İslam Respublikasının hüquq mühafizə orqanlarının səylərinin məqsədyönlü şəkildə əlaqələndirilməsinin perspektivləri barədə fikir mübadiləsi aparılıb
Özbəkistan Ombudsmanı Uluqbəy Muxamadiyev və Baş prokurorun müavini İslamcan Erqaşxocayevin rəhbərlik etdikləri nümayəndə heyəti ilə də görüşdə də hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.
Trend.az