Azərbaycan Mətbuat Şurasının sədri “reket” qəzetlərə xəbərdarlıq edib

“Son günlər Azərbaycan Mətbuat Şurasının açıqladığı “qara siyahı”larda yer alan bəzi qəzetlər məhkəmələrə üz tutur. Əksəriyyətinin iddiasında yüksək məbləğdə pul təzminatı və adlarının “qara siyahı”dan çıxarılması tələbi yer alır. Mətbuat Şurasının iş prinsipləri, məqsəd və məramları cəmiyyətə kifayət qədər yaxşı bəlli olduğundan məhkəmələrin ədalətli qərar çıxaracağına inanıram”. Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib.

Ə. Amaşov “qara siyahı”dakı bəzi nəşrlərin MŞ-nı məhkəməyə verməklə yanaşı, Şuranın İdarə Heyəti üzvlərinə qarşı kampaniyaya başladıqlarını da bildirib: “Onlar İdarə Heyəti üzvlərinin şərəf və ləyaqətlərini ləkələməyə, işgüzar nüfuzlarına zərər gətirməyə çalışır, barələrində təhqir və böhtan xarakterli materiallar dərc edirlər. Bizi hədələyənlər, məhkəmədə iddia qaldıranlar, demokrat qiyafəsinə bürünüb ali media dəyərlərini, söz və mətbuat azadlığı prinsiplərini qoruyurlarmış kimi imitasiya edənlər, bu yolla həqiqi simalarını pərdələməyə çalışanlar da, köhnə şakərlərini yeni adla qeydiyyatdan keçirdikləri qəzetlərdə davam etdirənlər də var. Arxalarında kimlərin, hansı məqsədlə dayandığı, hansı sifarişləri yerinə yetirdikləri yaxşı məlumdur. Qələminə və jurnalist adına hörmətlə yanaşdığımız bəzi həmkarlarımızın isə onların müsahiblərinin, rubrikalarının iştirakçısına çevrilmələri, fikirlərinin hansı tribunadan səsləndiyinin fərqinə varmamaları təəssüf və təəccüb doğurur”.

MŞ-nın “reket” nəşrlərə qarşı mübarizəsini daha da gücləndirəcəyi deyən Ə. Amaşov bildirib ki, Şuranın imicinə kölgə salmaq cəhdlərinin genişlənməsi yolverilməzdir və qurum mövcud istiqamətdə qanunvericiliklə müəyyənləşdirilən bütün mümkün vasitələrdən yararlanacaq: “Mətbuat Şurası təsis edilərkən rəhbər tutduğu prinsiplərə sadiqdir. Şura media məkanımızın saflaşması, təmiz adını özünə qaytarması uğrunda mübarizədə bu söz sənətinin həqiqi daşıyıcısı olan hər bir şəxsin dəstəyinə, inam və etimadına güvənir. “Qara siyahı”da yer alan bütün KİV-ləri isə ölkənin media ailəsinin üzvü olmaq üçün peşə prinsiplərinə sadiqliyə səsləyirik. Fəaliyyətini sivil mətbu dəyərlər əsasında qurmayanlara qarşı ciddi tədbirlər görüləcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO