İşgəncələr əleyhinə preventiv mexanizmin funksiyalarının icrası məqsədi ilə İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı və Bakı istintaq təcridxanalarına, həmçinin Əzizbəyov rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlama təcridxanasına (MST) baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlar saxlanılanlarla görüşərək söhbət aparıb, həmin şəxslərə hüquqlarını izah ediblər. Ombudsmanın nümayəndələri bu müəssisələrdəki şərait, həmçinin saxlanılmanın qanuniliyini təsdiq edən sənədlərlə də tanış olublar.
Söhbət aparılmış şəxslər saxlanma şəraitindən, müəssisələrin rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazı olmadıqlarını söyləyiblər. Aparatın əməkdaşları həmçinin Müvəkkilin ünvanına daxil olmuş müraciətləri də araşdırıblar. 3 saylı istintaq təcridxanasında saxlanılan Rasim Cuma oğlu Ramazanovun barəsində aparılan istintaqın qeyri-obyektivliyinə, Nəriman Səfər oğlu Fətullayevin isə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən barəsində istintaqın qeyri-obyektiv aparılmasına etiraz olaraq aclıq aksiyası keçirdikləri, habelə onların ağızlarını tikdikləri müəyyən edilib. R.Ramazanov və N.Fətullayevə hüquqları izah edilib, aclığı dayandırmaq tövsiyə olunub.
Ombudsman Aparatının əməkdaşları müəssisədəki həkimlərlə də görüşüblər. R.Ramazanov və N.Fətullayevin həkimlərin nəzarəti altında olduqları və onlara mütəmadi tibb xidməti göstərildiyi müəyyən edilib, aclıq keçirənlərin səhhətinin diqqətdə saxlanması tövsiyə olunub.