“Bakı və İrəvan Madrid prinsiplərinin razılaşdırılmayan məqamlarına dair öz təkliflərini iki həftə ərzində təqdim etməlidir”. APA-nın “News.am” saytına istinadən yaydığı məlumata görə, bu açıqlamanı jurnalistlərə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov verib.
O, tərəflərin iki həftə ərzində öz təkliflərini təqdim edəcəyinə ümidvar olduğunu, bundan sonra həmsədrlərin yenidən regiona səfər edəcəyini bildirib. Prezidentlərin Soçi görüşünü dəyərləndirən həmsədr tərəflərin açıq və konstruktiv müzakirələr apardığını deyib: “Tərəflər Rusiya prezidentinin təşəbbüsünü böyük hörmətlə qəbul edirlər”.
Yuri Merzlyakov danışıqların bu il sülh sazişi imzalanması ilə nəticələnib-nəticələnməyəcəyi barədə sualı cavablandırmayıb. O, Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri postunda rotasiyanı yaxın 2-3 ay ərzində edəcəyini bildirib.