“Biz artıq dəfələrlə Azərbaycan hökumətinin nümayəndələrinə Seçki Məcəlləsi ilə bağlı öncəki rəyimizin qüvvədə qaldığını bildirmişik. Digər açıq olan problematik məsələləri də müzakirə etməyə hazırıq”. APA-nın Avropa Şurasında akkreditə olunmuş müxbirinin məlumatına görə, bunu Venesiya Komissiyasının seçkilər və referendumlar üzrə bölməsinin rəhbəri Sergey Kuznetsov Azərbaycanda proporsional seçki sisteminin bərpa olunması perspektivinə münasibət bildirərkən deyib.
S. Kuznetsov bildirib ki, onlar seçkilərdə iştirak edən bütün maraqlı qüvvələrin etibarını qazana bilən seçki komissiyalarının formalaşdırılmasının tərəfdarıdırlar: “Seçimin necə edilməsi hər bir ölkənin suveren hüququdur. Mənə məlumdur ki, Azərbaycanda hələ də müzakirələr davam edir və seçki prosesində iştirak edən bir çox qüvvələr də narahatlıqlarını ifadə edirlər. Dediklərimin hamısı rəydə qeyd olunub. Lakin bizim komissiya bu və ya digər məsələlərdə öz rəyi ilə çıxış edən orqan deyil. Əgər rəsmən Azərbaycan hökumətindən və ya digər aidiyyatı qurumlardan bizə sorğu və ya təklif gəlsə, o zaman bu məsələ üzərində işimizi davam etdirə bilərik”.
VK rəsmisi hələlik Azərbaycan hökumətindən onlara hər hansı təklif gəlmədiyini də bildirib: “Seçkilərin proporsional və ya majoritar sistemlə keçirilməsi ilə bağlı məsələyə isə bizim çox aydın münasibətimiz var. Praktika göstərir ki, seçki azadlığı prinsiplərini gözləmək şərti ilə hər iki sistemdən birinə üstünlük verib, hansının daha yaxşı olduğunu demək çətindir. Bu, seçici hüquqlarının təmin olunması baxımından, oyun qaydalarının nə dərəcədə düzgün və diqqətlə tərtib olunmasından asılıdır. Hər iki variant eyni formada demokratikdir. Ona görə də biz hansı ölkə üçün majoritar, hansı ölkə üçün proporsional sistemin yaxşı olduğunu deyə bilmərik. Məsələn, Böyük Britaniyada seçkilər majoritar sistem üzrə keçirilir, amma indiyə kimi bununla bağlı narazılıqlar olmayıb”.