Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən bildirmişlər ki, dekabrın 1-dən etibarən aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanmışdır. Aşağı seçki komissiyalarının 30 minə yaxın üzvünü əhatə edəcək treninqlərin keçirilməsinin məqsədi komissiya üzvlərinin peşə hazırlığı səviyyələrinin daha da yüksəldilməsidir.
Treninqlər MSK-nın treninq qrupu tərəfindən hazırlanmış trenerlər (hər dairə seçki komissiyası üzrə 2 trener) tərəfindən keçirilir. Aşağı seçki komissiyalarının üzvləri kiçik qruplar üzrə treninqlərdə iştirak edirlər. Onlara səsvermə günü həyata keçiriləcək seçki hərəkətləri ilə bağlı izahatlar verilir, praktiki məşğələlər keçilir. Trenerlər məşğələlərin səmərəliliyi üçün MSK tərəfindən əyani vasitələr, müasir multimedia vasitələri və s. texniki avadanlıqla təchiz olunmuşlar.
MSK tərəfindən təqdim olunmuş qrafikə uyğun olaraq keçirilən treninqlər dekabr ayının 10-dək davam edəcəkdir. Xatırladaq ki, bu tədbir MSK-nın bələdiyyə seçkiləri ilə bağlı hazırladığı maarifləndirmə proqramının tərkib hissəsidir.
AzərTAc