Milli Məclisin deputatı Sabir Hacıyev AŞPA-nın tədbirlərində iştirak etmək üçün noyabrın 6-dan 8-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.
Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qurumun siyasi işlər və demokratiya komitəsinin iclasında Hələbdəki situasiya, İŞİD-in maliyyələşməsi kimi aktual məsələlər gündəmdə olacaq. Türkiyədəki 15 iyul hadisələri ilə əlaqədar AŞPA-da yaradılmış Alt Komitənin üzvləri seçiləcək və onların Türkiyəyə səfərinə hazırlıq məsələləri müzakirə ediləcək. Xarici əlaqələr üzrə Alt Komitənin üzvlərinin dekabrda Nyu-Yorka səfəri və BMT-də keçiriləcək görüşləri barədə fikir mübadiləsi aparılacaq.
Monitorinq komitəsinin iclasında isə AŞPA-nın üzv dövlətləri arasında münaqişələrə dair məruzə dinləniləcək, post-monitorinq dövründə Türkiyə ilə dialoqa, fakt-araşdırıcı missiyanın Kiyev səfərinin nəticələrinə, Gürcüstan, Monteneqro və Bolqarıstanda seçkilərə dair məsələlər nəzərdən keçiriləcək.
Deputat müzakirələrdə yaxından iştirak edəcək.