Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan bazar günü bu ildə sayca altıncı görüşdə ATƏT-in həmsədrləri tərəfindən təqdim edilən daha vacib məsələlərin həllini ətraflı şəkildə müzakirə ediblər, bu barədə ATƏT-in Minsk Qrupunun bazar günü yayılan bəyantında deyilir. “Təxminən dörd saat davam edən danışıqlar konstruktiv keçib. Bəzi sahələrdə irəliləyiş əldə olunub. Eyni zamanda bəzi məsələlər hələ də açıq qalır”, – bu barədə bəyanatda deyilir.
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradtkenin (ABŞ) təşəbbüsü ilə Münhendə Fransanın baş konsulunun iqamətgahında təşkil olunub. Danışıqlar Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın, həmçinin ATƏT-in şəxsi nümayəndəsi Ancey Kaspşikin iştirakı ilə keçirilib.
ATƏT-in Mİnsk Qrupunun bəyanatında deyildiyi kimi, Azərbaycan və Ermənistan prezidentləri iki ölkənin xarici işlər nazirlərinə müzakirə olunan məsələlər üzrə həmsədrlərlə işi davam etdirməyi tapşırıb. Növbəti addım qismində ATƏT-in Nazirlər Şurasının dekabrın 1-2-də Afinada keçiriləcək iclası ərəfəsində iki nazirin işçi sessiyasının təşkili nəzərdə tutulub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Trend News