Azərbaycanda bu il qanun pozuntularına yol verdiyi üçün 10 hakim cəzalandırılıb, Trend News-un məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun cümə günü rəsmi mətbuatda dərc olunmuş yazısında məlumat verilib. Nazir qeyd edib ki, həmin hakimlər Məhkəmə-Hüquq Şurasının qərarı ilə intizam məsuliyyətinə cəlb olunub, 2 məhkəmə sədri isə tutduğu vəzifədən azad edilib.
Məhkəmə-Hüquq Şurası tərəfindən ümumilikdə 60-dan çox hakim intizam məsuliyyətinə cəlb olunub, onlar barəsində müxtəlif intizam tədbiri görülüb. İki hakimin səlahiyyətinə isə vaxtından əvvəl xitam verilib. Həmçinin hakimlərin fəaliyyətinin qiymətləndirilməsi nəticəsində Məhkəmə-Hüquq Şurası 30 hakimi hakimliyə tövsiyə etməyib.
Azərbaycanda hakimlərin əhaliyə nisbətdə sayı Avropa Şurasına üzv dövlətlərlə müqayisədə ən aşağı göstərici ilə xarakterizə olunur. Azərbaycanda hər 100 min nəfərə 4 hakim düşdüyü halda, bəzi Avropa dövlətlərində bu göstərici 20-25 təşkil edir.
Azərbaycanda hakimlərin sayının 600-ə çatdırılması nəzərdə tutulub.