Azərbaycanda hazırda 49 uşaq məhkum var, bu da MDB ölkələri arasında ən aşağı göstəricidir, Trend News-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib. “Biz çalışacağıq ki, məhkum uşaqların sayı minimuma ensin”, – Hüseynov deyib.
“Bir neçə ildən sonra dövlət büdcəsinin tərkibində xüsusi uşaq büdcəsinin də göstərilməsinə nail olacağıq”, – bunu İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib. Səmədzadənin sözlərinə görə, məktəbəqədər uşaqların inkişafına qoyulan investisiyaların faydası digər yaş dövrlərinədək olan uşaqlara qoyulan investisiyalardan daha çox səmərəlidir.
“Azərbaycanda uşaqların sayı əhalinin 30-40 faizini təşkil edir”, – Parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib. Onun sözlərinə görə, 2010-cu ilin dövlət büdcəsində uşaqlarla bağlı böyük vəsaitlər nəzərdə tutulur.
“Elm və təhsil üçün nəzərdə tutulan 1 milyard 250 milyon manatın 70 faizdən çoxu məktəbəqədər, ilk peşə və orta təhsil üçün nəzərdə tutulub. Hazırda 20-yə yaxın təhsil proqramı həyata keçirilir ki, əksəriyyəti də uşaqlarla bağlıdır”, – Hacıyev əlavə edib.