Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Mətbuat Şurasının keçirdiyi sorğuda mətbuatla işləyən ən yaxşı qurum seçilib. Trend News-un məlumatına görə, bu barədə çərşənbə axşamı Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqovla jurnalistlərin görüşündə bildirib.
Amaşov deyib ki, Mətbuat Şuarsı kütləvi informasi vasitələri arasında dövlət qurumlarının mətbuatla əlaqələrinin səviyyəsini öyrənmək məqsədilə sorğu keçirib və bu Xidmət mətbuatla işləyən ən yaxşı qurum kimi fərqlənib. Amaşovun sözlərinə görə, Penitensiar Xidmətin mətbuatla münasibətləri ilə bağlı Mətbaut Şurasına heç bir şikayət daxil olmayıb. Mətbaut Şurasının sədri belə görüşlərin digər qurumlarla da təşkil olunacağını vurğulayıb.
PX-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, şöbəyə gün ərzində orta hesabla 8 media qurumundan sorğu daxil olur və həmin sorğular operativ cavablandırılır. Sadıqov son illər PX-də həyata keçirilən islahatların ictimaiyyətə çatdırılmasında medianın rolunun danılmaz olduğunu vurğulayıb. Şöbə rəisi mətbuat nümayəndələrini məhkumlarla bağlı məlumatların ictimaiyyətə çatdırılmasında ehtiyatlı və həssas olmağa, yanlış və təhrif olunmuş məlumatların yayımlanmamasına çağırıb.
Sadıqov bildirib ki, son bir ildə respublikadakı bütün cəzaçəkmə müəssisələri 15 adda qəzet və jurnala abunə olub. Jurnalistlərin suallarını cavablandıran PX rəsmisi bir neçə məsələlərlə bağlı da məlumat verib və qeyd edib ki, son illər respublikada məhkumlar arasında xəstəliklərdən ölüm halları həddən artıq azalıb, ağciyər vərəmindən dünyasını dəyişən məhkumların sayı 8 dəfə aşağı düşüb.
Həmçinin cəzaçəkmə müəssisələrində olan əlil məhkumlar digər məhkumlardan fərqli şəraitdə saxlanılır və onlara fərqli münasibət var. Sadıqov həbsdə olan jurnalistlərə gündəlik mətbuatla tanışlıq və yaradıcılıqla məşğul olmaq üçün bütün imkanların yaradıldığını vurğulayıb.