Azərbaycan Parlamentinin deputatı beynəlxalq təşkilatları əsirlikdə olan uşaqların taleyinə biganə yanaşmaqda qınayıb. “Dəfələrlə müraciət etməyimizə baxmayaraq, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi zamanı əsir götürülən uşaqların geri qaytarılması ilə bağlı ciddi addımlar atmırlar”, – Trend News-un məlumatına görə, cümə günü BMT-nin uşaq hüquqları Konvensiyasının qəbulunun 20 illiyi ilə bağlı keçirilən Milli Məclisin xüsusi iclasında Respublika Uşaq Təşkilatının rəhbəri, millət vəkili Gülər Əhmədova bildirib.
Əhmədovanın sözlərinə görə, Azərbaycanda uşaq ölümü ilə də bağlı ciddi problemlər var. “Bu problemin həllində beynəlxalq təşkilatlar köməkliklərini əsigəməməlidirlər. Düşünürəm ki, məhz beynəlxalq təşkilatların köməyi ilə ölkədə yüksək ixtisaslı pediatrlar yetişdirmək olar”, – millət vəkili əlavə edib. Təşkilat rəhbəri bildirib ki, Azərbaycan Prezidentinin müdaxiləsi nəticəsində ölkədə uşaq alveri aradan qaldırılıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.