Avropa Şurası Azərbaycan Mətbuat Şurası ilə birgə “Azərbaycanda diffamasiya və ifadə azadlığı” mövzusunda konfrans keçirir. APA-nın məlumata görə, konfransda çıxış edən Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek söz və ifadə azadlığı olmadan demokratiyanın ola bilməyəcəyini vurğulayıb. O, bildirib ki, Azərbaycanda bu sahədə müəyyən problemlər qalmaqdadır: “Cari vəziyyəti nəzərdən keçirmək üçün dörd vacib addım atılmalıdır: dövlət məmurları jurnalistlərə qarşı cinayət işi qaldırmamalı, jurnalistlər etik qaydalara uyğun çalışmalı, məhkəmə hakimiyyəti Avropa normalarını tətbiq etməli, qanunvericilər diffamasiya ilə bağlı qanunun qəbulunu tezləşdirməlidir. Bunlar edildikdən sonra Azərbaycan özünü Avropaya uyğunlaşdırılmış saya bilər”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov diffamasiyanın ümumi prinsipləri barədə məlumat verib. O deyib ki, diffamasiyaya görə jurnalistlər mülki məsuliyyət daşımalıdır: “Məmurlar bu qanunun qəbul olunmasına hazır deyillər, çünki onların 20 faizdən çoxu bəzi kütləvi informasiya vasitələrinin fəaliyyətini dayandırılmasının tərəfdarıdır”.
Mətbuat Şurasının sədri bildirib ki, daxil olan şikayətlərin 75 faizi yüksək vəzifəli məmurlardan gəlir: “Azərbaycan məmuru jurnalistika deyəndə, onun özü ilə bağlı problemləri olan kütləvi informasiya vasitələri yadına düşür. Azərbaycan jurnalistikası həmin ünsürlərdən təmizlənmədiyinə görə məmurlar bizim haqqımızda pis fikirdə olur”. Əflatun Amaşov diffamasiya qanununun bu payız Milli Məclisin gündəliyinə salınacağına inanmadığını dilə gətirib. O həmçinin təklif edib ki, 2010-cu il Diffamasiya İli elan olunsun.
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev deyib ki, fikir, söz və mətbuat azadlığının təmin edilməsi üçün son illər müvafiq işlər görülür: “Azərbaycanda 4 min mətbuat orqanı qeydiyyatdan keçib, yüzlərlə qəzet, jurnal, informasiya agentliyi fəaliyyət göstərir. Azərbaycan hökuməti diffamasiya haqqında qanunun əleyhinə olmayıb. Elə bir şərait yaradılmalıdır ki, bu, jurnalistlərin fəaliyyətinə maneə yaratmasın. Ümid edirəm ki, kütləvi informasiya vasitələri sahəsində elə bir mühit yaranacaq ki, bu qanun qəbul edilə bilsin”.
Konfransın sonunda Azərbaycan hökumətinə tövsiyələrin qəbul ediləcəyi gözlənilir.