Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili Asiya ombudsmanlarının XI konfransında iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bu günlərdə Tailandın paytaxtı Banqkok şəhərində Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) XI konfransında iştirak edib. Bu barədə Trend News-a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.

“Layiqli idarəetmə və bu sahədəki islahatlarda Ombudsmanın rolu” mövzusunda keçirilmiş konfransın işində 15 ölkədən 23 nümayəndə iştirak edib. Tədbirə Tailand, Pakistan, Filippin, Yaponiya, İran, Vyetnam, Çin, Honq-Konq, Koreya, İndoneziya, Hindistan, Avstraliya, həmçinin ABŞ və Kanadanın ombudsmanları qatılıblar. MDB ölkələrindən Azərbaycanla yanaşı, Özbəkistan, Qırğızıstan, o cümlədən Tatarıstan Respublikasının ombudsmanları iştirak ediblər.

Konfransda layiqli idarəetmənin mahiyyəti, bu sahədə müxtəlif ölkələrin təcrübəsi, həyata keçirilən islahatlar, həmçinin ombudsmanın bu istiqamətdə, o cümlədən insan hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyəti ilə əməkdaşlığı, eyni zamanda, uşaq hüquqlarının müdafiəsi və ombudsmanın mediator (vasitəçi) kimi fəaliyyəti məsələləri müzakirə olunub.

İnsan hüquqlarını müdafiəsi üzrə keçirilən birinci plenar iclasda Azərbaycan Ombudsmanı Elmira Süleymanova sədrlik edərək iclası idarə edib. O, İran, Pakistan, Vyetnam ombudsmanlarının, həmçinin Kanadanın Ontario ştatı ombudsmanının məruzələrini, aparılan müzakirələri, səsləndirilən mülahizələri yekunlaşdıraraq, mövzu ilə bağlı tövsiyələrini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Dördüncü plenar iclasda Süleymanova “Azərbaycanda insan hüquqlarının təşviqi və müdafiəsində Ombudsmanın imkanları” mövzusunda çıxış edib. O, ölkəmizdə Müvəkkil təsisatının yaranması, Ombudsman haqqında Konstitusiya Qanunu, təsisatın strukturu, Ombudsmanın regional mərkəzləri, şikayətlərin qəbul edilməsi proseduru barədə ətraflı məlumat verib. Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən uşaqların, qadınların, qaçqın və məcburi köçkünlərin, ahılların, əlillərin, məhbusların, hərbi qulluqçuların hüquqlarının müdafiəsini təmin etmək, eyni zamanda işgəncələr, insan alveri və korrupsiyaya qarşı mübarizə üzrə Ombudsmanın ixtisaslaşmış müşavirlərinin fəaliyyət göstərdiyi bildirilib.

Tədbir iştirakçılarına Azərbaycan Ombudsmanının illik məruzələri, bəyanatları, Ermənistanın Azərbaycana qarşı təcavüzünü və terror aktlarını, habelə Xocalı soyqırımını əks etdirən disklər təqdim edilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO