Azərbaycan ordusuna ictimai nəzarətin davam etdirilməsi vacibdir – Parlamentin komitə sədrinin müavini

“İctimai nəzarət nəticəsində həm cəmiyyətin orduya marağı artır, həm də ordunun içərisində gedən proseslər müəyyən olunur”, – cümə axşamı Trend News-a Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.

2008-ci ilin oktyabr ayında Azərbaycan ordusunda “dedovşina” faktları aşkarlandıqdan sonra Müdafiə Nazirliyi, millət vəkilləri və QHT nümayəndələrinin təmsil olunduğu orduya ictimai nəzarət qrupu yaradılıb. İctimai nəzarət qrupu intensiv olaraq hərbi hissələrdə olur, əsgərlərin vəziyyəti ilə maraqlanır.

Mirzəzadənin sözlərinə görə, ictimai nəzarətlə bağlı yaxınlarda Müdafiə Nazirliyi ilə növbəti müzakirələr aparılıb. “Belə qərara gəlmişik ki, orduya ictimai nəzarətlə bağlı hərbi hissələrə yenidən səfərlər təşkil edək. Bundan başqa, dəyirmi masalar və digər tədbirlərin keçirilməsi də istisna olunmur”, – millət vəkili əlavə edib.

Onun fikrincə, orduya ictimai nəzarətin daha səmərəli təşkili üçün kütləvi informasiya vasitələrinin iştirakı vacibdir. “İctimai nəzarət prosesində parlamentin deputatları ilə yanaşı vətəndaş cəmiyyətinin və mətbuatın birgə iştirakı olduqca ciddi nəticələr verir”, – Mirzəzadə vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO