ATƏT Bakıda hakimliyə namizədlər üçün təlim kursu təşkil edir

ATƏT-in Bakı ofisi bazar ertəsi hakimlərin peşəkar inkişafını dəstəkləmək və yeni yaradılmış Ədliyyə Akademiyasının tədris proqramının hazırlanmasına töhfə vermək məqsədilə hakimliyə namizədlər üçün hərtərəfli təlim kurslarına start verib. Bu barədə ATƏT-in rəsmi məlumatında deyilir.

Dörd aylıq təlim proqramını hazırlayan Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurası və təlimlərin keçirilməsi üçün öz bazasını təqdim edən Ədliyyə Akademiyası bu layihəni dəstəkləyir. Təlim proqramı ədalət mühakiməsində hakimin roluna xüsusi diqqət yetirməklə, insan hüquqları, cinayət hüququ və mülki hüquqa aid mövzuları əhatə edir.

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Bilge Cankorel açılış nitqində müasir və effektiv məhkəmə sisteminin yaradılması üçün peşəkar hüquqi təlimlərin əhəmiyyətini vurğulayıb. “Hakimlər üçün ilkin hazırlıq məhkəmə sistemi potensialının daha da artırılması üçün vacib şərtdir”, – o deyib.

Təlim qrupları iki yazılı və bir şifahi imtahandan keçmiş 80 hakimliyə namizəddən ibarətdir. Təlim sessiyaları mühazirələr və praktiki məşğələlərdən ibarətdir. İştirakçıların əsaslandırılmış və mövcud qanunvericiliyə uyğun qərar vermək bacarığını inkişaf etdirmək üçün sessiyalar zamanı praktiki işlər müzakirə olunacaq. ATƏT-in Bakı ofisinin hüquq məsələləri üzrə mütəxəssisləri ilə yanaşı, beynəlxalq və yerli ekspertlər də sessiya iştirakçılarına təlim keçəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO