AMEA İnformasiya Texnologiyaları İnstitutu “Uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi problemləri” adlı ekspres-informasiya buraxıb. Bunu Trend-ə İnstitutdan deyiblər.
İnformasiya Texnologiyaları İnstitutundan bildiriblər ki, ekspres-informasiya ölkənin təhil müəssisələrinin kitabxanalarına paylanılacaq.
İnstitutun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş ekspres-informasiyada uşaqlarıninternetdə qarşılaşdığı təhlükələr və onların təsnifatı, uşaqların bu təhlükələrdən qorunması yolları göstərilir. Beynəlxalq aləmdə bu problemlə bağlı mövcud yanaşmalar və çağırışlar şərh edilir. Onlayn mühitdə uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla, əşyaların interneti, uşaqlar üçün nəzərdə tutulmuş sosial şəbəkələr və s. problemlər identifikasiya olunur. Nəticədə yeni təklif və tövsiyələr irəli sürülür.
Qeyd edək ki, 2004-cü ildən başlayaraq hər il fevral ayının ikinci həftəsinin çərşənbə axşamında dünyanın 70-dən çox ölkəsində Təhlükəsiz İnternet Günü qeyd olunur. “Insafe” Təhlükəsiz İnternet Mərkəzləri Şəbəkəsi tərəfindən təşkil edilən tədbirin məqsədi uşaq və yeniyetmələrin internetdən istifadəsini qlobal səviyyədə dəstəkləmək və diqqəti onların onlayn təhlükəsizliyinin təmini məsələlərinə yönəltməkdir. Həmin gün bütün maraqlı tərəflər – uşaqlar, gənclər, valideynlər, müəllimlər, siyasətçilər və s. bir araya gələrək uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi haqqında geniş fikir mübadiləsi aparır, problemlərin həlli üçün çalışırlar.