Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında fərman imzalayıb.
Trend-in məlumatına görə, fərmanda deyilir:
1. Azərbaycan Respublikasının mərkəzi və yeri icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılsın.
2. “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.