Milli Məclisdə Gürcüstan müzakirələri

Milli Məclisdə Gürcüstan müzakirələriBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Avropa Şurası Parlament Assambleyasının son iclasında Gürcüstan nümayəndə heyəti üzvlərinin Dağlıq Qarabağla bağlı qətnaməyə səs verməməsinə etirazını bildirib.

Trend-in məlumatına görə, Q.Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib ki, Gürcüstan hökumətinin ayrı-ayrı vəzifəli şəxslərindən Azərbaycana qarşı ədalətsiz mövqe zaman-zaman müşahidə olunub: “Biz vaxtilə NATO Parlament Assambleyasında iştirak edən zaman həmin tədbirdə Gürcüstandan Nino Burcanadze də iştirak edirdi. Həmin iclasda Ziyafət Əsgərov da iştirak edirdi. İclasda Burcanadzeyə sual verildi. Burcanadze bizə cavabında bildirdi ki, işğalla bağlı Kosovada tətbiq olunan təcrübə Moldova və Gürcüstana tətbiq oluna bilər. O, həmin vaxtı da Azərbaycanın adını çəkməmişdi. AŞPA-nın sonuncu iclasında da Azərbaycanla bağlı qətnamə müzakirə olunanda Gürcüstan nümayəndə heyətinin 2 üzvü əleyhinə səs verib. Bunu Səməd Seyidov və Fazil Mustafa da təsdiq edə bilərlər”.

Partiya sədri gürcü deputatların Azərbaycana qarşı atdığı bu addımın Gürcüstanın diqqətinə çatdırılmasının vacibliyini söyləyib: “Biz Milli Məclis olaraq son addımlarına görə Gürcüstan tərəfinin diqqətinə çatdırmalıyıq ki, bu cür tərəfdaşlıq, qonşuluq olmaz”.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə bildirib ki, bir neçə deputatın fikri dövlətin fikrini əks etdirmir, Azərbaycan ilə Gürcüstan arasında strateji əməkdaşlıq mövcuddur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO