ATƏT-in Minsk qrupu başda olmaqla, Avropa Şurasında Ermənistanın işğalçılıq siyasətini müdafiə edənlər var. Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Z.Əsgərov əlavə edib ki, Azərbaycanın haqq səsinin eşidilməməsi, torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinin etiraf edilməməsi göstərdi ki, Avropa Şurası Parlament Assambleyasında Ermənistanın işğalını müdafiə edənlər var:
“Buna baxmayaraq, etiraf etmək lazımdır ki, Azərbaycanın orada dostları da çoxalıb. Çünki gördüyünüz kimi, bu sənəd 5-6 səs çoxluğu ilə həll olunurdu. Amma ikinci məsələ – Sərsəng su anbarı ilə bağlı məsələ qəbul olundu və bu sənəddə Ermənistanın işğalçı olması bilavasitə göstərildi. Lakin sırf birinci qətnamənin qəbul olunmaması bir daha onu göstərdi ki, ATƏT-in Minsk qrupu başda olmaqla, Avropa Şurasında Ermənistanın işğalçılıq siyasətini müdafiə edənlər var. Ümumiyyətlə, biz hesab edirik ki, Minsk qrupu sözün əsl mənasında mənasız təşkilata çevrilib”.
O, əlavə edib ki, məlum qətnamənin qəbul olunmaması da Minsk qrupunun bir müddət əvvəl apardığı təbliğatın nəticəsi oldu: “Amma biz ona ümid edirik ki, Avropa Şurasında Azərbaycanın dostları var, səsimizi eşidən insanlar var. Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbulu bir daha onu göstərdi ki, Azərbaycanın haqq səsini orada müdafiə edənlər hələ ki var”.