Gürcüstan Respublikasında blutanq xəstəliyinin baş verməsi ilə əlaqədar Dövlət Xidməti Əmr imzalamışdır.
Gürcüstan Respublikasının Tbilisi şəhəri yaxınlığında yerləşən Varketili ərazisində blutanq xəstəliyinin baş verməsi ilə əlaqədar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin və Baş Dövlət Baytarlıq Müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov 29 yanvar 2016-cı il tarixində 02 saylı Əmr imzalamışdır.
Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.7-ci maddəsini və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti haqqında Əsasnamənin 8.4-cü bəndini rəhbər tutaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin imzaladığı bu əmrdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatına görə, Gürcüstan Respublikasının Tbilisi şəhəri yaxınlığında yerləşən Varketili ərazisində blutanq xəstəliyinin baş verməsi bildirilir.
Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar əmrdə həmin ölkədən diri heyvanların (iribuynuzlu, xırdabuynuzlu və dəvələrin) idxalına müvəqqəti məhdudiyyət qoyulması, eləcə də digər dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına isə Gürcüstan Respublikasının Dövlət Baytarlıq Xidmətinin yük çıxan ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayışı və mənşə sertifikatı olduğu təqdirdə baxılması qeyd edilir.
Gürcüstan Respublikasında baş vermiş blutanq xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görülməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilmiş və aidiyyəti dövlət qurumları məlumatlandırılmışdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, blutanq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə ölkəmizdə epizootik vəziyyət sabitdir və bu sabitliyə tam nəzarət edilir.