Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edibAzərbaycanın Estoniyada yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Murad Nəcəfbəyli Estoniya prezidenti Toomas Hendrik İlvesə etimadnaməsini təqdim edib.

Azərbaycanın Estoniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, təqdimetmə mərasimi Kadriorq prezident sarayında keçirilib.

Rəsmi hissədən sonra baş tutmuş görüşdə səfir Azərbaycan prezidenti İlham Əliyevin səmimi salamlarını və ən xoş arzularını Estoniyanın dövlət başçısına çatdırıb.

Səfir Azərbaycanla Estoniya arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib və gələcəkdə səylərini bu əməkdaşlığın inkişafına və möhkəmləndirilməsinə yönəldəcəyini bildirib.

Görüş zamanı Azərbaycan-Estoniya əlaqələrinin ikitərəfli, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli səviyyələrdə, eləcə də hazırki vəziyyəti və inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan səfiri Estoniya prezidentini Azərbaycandakı ictimai-siyasi və sosial-iqtisadi vəziyyət ilə bağlı həqiqətlər və ölkə prezidenti İlham Əliyevin başçılığı altında Azərbaycanın nailiyyətləri barədə məlumatlandırıb.

Səfir M.Nəcəfbəyli Toomas Hendrik İlvesə Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etməsini, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20% işğal edilməsini və Ermənistanın münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların imitasiya etdiyi barədə məlumat verib.

Estoniya prezidenti öz növbəsində Azərbaycan ilə əməkdaşlıq səviyyəsindən məmnunluğunu qeyd edərək, Azərbaycanın Estoniya üçün birmənalı dost ölkə olduğunu vurğulamış və Estoniya ilə Azərbaycan arasında dinamik tərəfdaşlığın gələcəkdə də bütün sahələrdə inkişafının davam edəcəyinə əminliyini bildirib.

Estoniyanın dövlət başçısı səfirə uğurlar diləyib, Azərbaycan prezidenti İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib və Azərbaycanın dövlət başçısına öz salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

Səfir Azərbaycanın dost Estoniya ilə gələcəkdə də bütün sahələrdə əlaqələrin inkişafı və möhkəmləndirilməsində maraqlı olduğunu qeyd edib.

Səfir M.Nəcəfbəyli, etimadnamələrin surətini həmçinin Estoniyanın Xarici işlər nazirliyinin rəhbərliyinə cari ilin 26 yanvar tarixində təqdim edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO