Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru
Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvi erməniləri hədsiz ruhlandırıb. Ermənilər elə başa düşürlər ki, İran əlinə düşən pul vəsaitini Azərbaycanın əleyhinə xərcləyəcək. Burada isə İranın əsas vəsait ayırdığı dövlət Ermənistan olacaqdır. Erməni rəsmilərinin və ictimai-siyasi mühitinin İranla bağlı fikirləri yalnız özlərinin görmək və eşitmək istədikləridir. Reallıqlar isə fərqlidir. Erməni elitasının şüuru bu reallıqları dərk etmək imkanında deyil.
H.Ruhaninin S.Sərkisyanla telefonla danışığı zamanı səsləndirdiyi fikirlərə İran prezidentinin Vatikana səfəri kontekstindən yanaşmaq daha düzgündür. Buna görə də İran və Ermənistan prezidentlərinin mətbuat xidmətlərinin bu telefon danışığının məzmunu barədə yaydıqları məlumatlar fərqlidir.
İranın indiki uğurunun əsas mənbəyi İranın malik olduğu və ya malik olacağı pulun miqdarında deyil. Uğurun əsas mənbəyi İranda indiki prezidentin komandasının apardığı realpolitik və praqmatik siyasətdir. Məhz bu amilə görə İran regiondakı geosiyasəti pul oyununa çevirə bilməyəcək. İş elə gətirib ki, İranın Qərblə münasibəti düzəldib pul qazanması onun başqa dövlətlərlə münasibətlərində kəskin neqativlik yaradıb.
İranın Qərblə münasibəti qeyri-müəyyən olduğu dövrdə Rusiyanın İranı özünə müttəfiq hesab etməsinə əsaslar daha çox idi. İndi bəlli oldu ki, İran sərnişin aviadaşıma parkını Rusiyanın SuperJetlərinin hesabına deyil, Fransanın Airbuslarının hesabına yeniləyəcək.
Rusiyanın neft və qaz şirkətləri İrana girməzdən əvvəl İran “Total” və “Shell” başda olmaqla Qərb şirkətlərini öz ərazisinə dəvət etdi. Maraqlıdır ki, İran Airbusla və “Shell” və “Total”la razılaşmaları imzaladıqdan sonra ABŞ və Aİ İran üzərindən sanksiyaların ləğv olunması sənədini imzaladılar. Rusiyanın mövqeyini hesablamaq olar.
Fars körfəzində yerləşən Ərəb dövlətlərinin məhz antiiran istiqamətində fəaliyyət göstərən koalisiyası mövcuddur. Səudiyyə Ərəbistanı başda olmaqla bu koalisiya İranın inkişafına imkan verməməyi qarşılarına məqsəd qoyublar. Gücləri çatsa, İranı dövlət kimi xeyli zəiflədəcəklər.
İsrailin İrana münasibəti də hamıya bəllidir.
Maraqlı burasıdır ki, İranda İsrailin, Ərəb dövlətlərinin, Rusiyanın həm də Türkiyənin neqativ münasibətindən xəbərdardırlar. Eləcə də antiiran dövlətləri İrana qarşı mübarizədə hansı faktordan istifadə edəcəyini İranda bilirlər. İran sanksiyaları ləğvetmə müqaviləsini imzalamağa hazırlaşdığı vaxtda bütün dünya üzrə ən aktivləşdirdiyi münasibətlər yalnız Azərbaycan Respublikası ilə idi.
İranın sanksiyaları ləğvetmə müqaviləsi imzalamaq ərəfəsində və imzaladıqdan sonra atdığı addımları sistemləşdirək:
I. İran Azərbaycanla iqtisadi və kommunikasiya əlaqələrinə ən güclü dinamizm verdi. İndi İran və Azərbaycanın dəmir yollarının birləşdirilməsinə çox az qalıb. Həm Azərbaycan, həm də İran tərəfi öz üzərilərinə düşən işləri konkretləşdirib, maliyyə mənbələrini müəyyənləşdiriblər. İran bu məsələdə əvvəlkinə nisbətən öz üzərinə əlavə yük götürdü.
II. İran və Azərbaycan Ukrayna və Gürcüstanla birlikdə Fars körfəzi ilə Avropanı Qafqazdan keçməklə birləşdirən marşrutu xeyli detallı şəkildə razılaşdırıblar, hətta tariflər müəyyənləşdirilib.
III. İran Naxçıvan-Tehran dəmir yolu marşrutunu İrandakı yeni ilə, Azərbaycandakı bahar bayramına qədər işə buraxmağı qarşısına məqsəd qoyub. Bu barədə rəsmi öhdəlik götürüb. İranda yeni ilin başlanmasına iki aydan az vaxt qalıb. Naxçıvan-Tehran dəmir yolu marşrutu vaxtı ilə mövcud olmuş SSRİ-İran dəmir yolu marşrutunun Mehri dəmir yolundan sonrakı davamı deməkdir. Təkcə bu demək deyil.
IV. Naxçıvan-Tehran dəmir yolunun iki vacib regional və geosiyasi parametri mövcuddur. Bu dəmir yolunun hətta sərnişin daşımada işə düşməsi Ermənistanın İran-Ermənistan dəmir yoluna olan son ümidlərinin qırılması da deməkdir. Naxçıvan-Tehran dəmir yolunun işə düşməsi İranın Ermənistan-İran dəmir yoluna marağının olmadığının göstəricisidir. Eləcə də bu digər dövlətlərin tutaq ki, Çinin də Ermənistan-İran dəmir yolunun rentabelliyinə şübhəsini daha da artıracaqdır.
Naxçıvan-Tehran dəmir yolu marşrutunun işə düşməsi Naxçıvanın blokadadan ikiqat çıxmasının göstəricisidir. Rəsmi Bakı Naxçıvanı Bakı-Tbilisi-Qars dəmir yolu vasitələri ilə blokadadan çıxarırdı. Qarsdan Naxçıvana əlavə dəmir yolu çəkiləcək. İranın təklifi reallaşdığı halda İranın daxili dəmir yolları vasitələri ilə Rəştdə Naxçıvan-Tehran dəmir yolu ilə Azərbaycan-İran dəmir yolu birləşə bilər. Beləliklə, İranın vasitəsi ilə Bakıdan Naxçıvana dəmir yolu Bakı-Tbilisi-Qars dəmir yolundan ən azı 2 il tez reallaşır.
V. Ermənistanın Nəqliyyat və Rabitə naziri Qurgen Beqlaryan sanksiyalar götürüldükdən Tehrana gözlənilmədən səfər etdi. Erməni nazirinin Tehrana təcili səfərinin məqsədi Ermənistan-İran dəmir yolunun hüquqi sənədləşməsi barədə memorandum imzalamaq idi. Q.Beqlaryanın müavini bəyanat vermişdi ki, Ermənistan-İran dəmir yolu barədə müqavilə hazırlayıb və bunu İrana imzalatdırmaq istəyir. Müqavilənin məzmunu da çox sadədir. İran öhdəlik götürür ki, rəsmi Yerevan Ermənistan-İran dəmir yolunun əsas hissəsinin tikintisinə investor tapan kimi İran tərəfi bu dəmir yolunu öz ərazisindəki 60 km-lik hissəni tikməyə başlayır. Rəsmi Yerevanın məqsədi aydındır. Həm ağır investisiya danışıqlarının gündəliyindən İranın mövqeyini çıxarır, həm də İranın hazır mövqeyini bu danışıqlara asanlaşdırıcı amil kimi təqdim edir. Amma Q.Beqlaryan Tehranda arzusuna çatmadı. Rəsmi Tehran bu müqaviləni imzalamadı, əksinə Ermənistana Yerasx-Culfa dəmir yolu marşrutu barədə düşünməyi təklif etdi. Eləcə də İran bu dəmir yolunun tikintisinin maliyyələşməsində yalnız şərik ola bilər, yəni maliyyələşməni də təkbaşına boynuna götürmür. Bu rəsmi Tehranın Ermənistan-İran dəmir yoluna verdiyi ən tutarlı cavabdır.
VI. İran “Şimal-Cənub” avtomobil yolunun tikintisində və həm də bu marşrutun maliyyələşməsində iştirak etmədi. Ermənilərin bütün yalvarışlarını nəzərə almadı. İran Ermənistan ərazisi vasitəsi ilə tranzit yükdaşımalarda maraqlı deyil. Səbəb təkcə siyasət deyil, həm də iqtisadiyyatdır. Buna İranın Ermənistana münasibətinin təhtəlşüuru kimi yanaşmaq daha düzgündür.
Bütün bunlar aydın şəkildə göstərir ki, yeni yaranmış vəziyyət İranı Ermənistandan uzaqlaşmağa, Azərbaycana yaxınlaşmağa vadar edir. Yaxınlarda İranın daha bir praktiki addımı Dağlıq Qarabağ tənzimlənməsində özünü göstərməlidir. İran bu məsələdə də mövqeyini konkret və praktiki addımlarla ortalığa qoymalıdır. Çünki yeni reallıqlar Rusiya, Ərəb dövlətləri, İsrail və Türkiyənin İran məsələsində Azərbaycana təzyiqlərini xeyli artırmış olur.
Azərbaycanın bu təzyiqlərə dözümünü artırmaq məqsədi ilə İran Azərbaycan üçün əlavə resurs potensialı yaratmalıdır. Yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli belə resurs potensialı yaratmaq gücündədir.