Avropa, AŞ PA terrorla mübarizədə ikili standartlara yol verməməlidir.
Trend-in məlumatına görə, bunu AŞPA-da “Beynəlxalq terrorizmə qarşı mübarizə, Avropa Şurası standartları və dəyərləri qorumaq” və “Suriya və İraqda xarici döyüşçülər” adlı qətnamə layihələrinin müzakirəsi zamanı çıxış edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva bildirib.
Millət vəkili Azərbaycanın Ermənistan dövləti tərəfindən dəstəklənən çoxlu sayda terror aktlarından əziyyət çəkmiş bir ölkə olduğunu vurğulayaraq Avropa, AŞ PA-nın terrorizmə qarşı mübarizədə ikili standartlara yol verməməsinin, bundan əl çəkməsinin vacibliyini söyləyib.
O bildirib ki, harada, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq etnik və dini ayrım etmədən Avropa, AŞ PA terrora qarşı sərt mübarizə aparmalıdır: “Amma Azərbaycan xalqına qarşı terror hadisələri törədilən zaman Avropa və təşkilat yetərli qədər sərt münasibət ortaya qoymayıb”.
Millət vəkili Q.Paşayeva sonra deyib: ”Terrordan çox əziyyət çəkmiş bir ölkənin təmsilçisi olaraq terrorla mübarizə istiqamətində birgə fəaliyyətimizi gücləndirmək istiqamətində Assambleyadakı müzakirələri dəstəkləyirəm: “Biz getdikcə daha da artan terror hadisələri ilə, terrorizmlə harada, kimlər tərəfindən, kimlərə qarşı törədilməsindən asılı olmayaraq terror törədənlərə, təşkil edənlərə, dəsətəkləyənlərə qarşı birgə, ikili standartlara yol vermədən mübarizə apara bilərik. Bu məsələdə ikili standartlara yol verilməməlidir və Avropa bundan imtina etməlidir. Mən bir müsəlmanam. İslam sülh dinidir, mülki insanların qətlə yetirilməsini pisləyir. İŞİD-in törətdiklərini İslama və müsəlmanlara aid etmək olmaz. Biz də İŞİD-in əməllərini sizin qədər pisləyirik. İŞİD ən böyük zərəri Avropadan daha çox müsəlmanlara vurur. Avropada bəzi siyasətçilərin İŞİD-in əməllərini istifadə edərək İslam dini və müsəlmanlar əleyhinə etdikləri çağırışlara qarşı AŞ PA olaraq mübarizə aparmalı, bu kimi halları pisləməliyik”.
Q.Paşayeva əlavə edib ki, İslam və müsəlmanlar əleyhinə Avropada səslənən bəzi çağırışların hansı nəticələrə səbəb ola biləcəyini, hansı faciələrə yol açacağını ciddi düşünməliyik: “Avropada İslamafobiyanın artması hamımızı ciddi narahat etməli və bunun qarşısını almaq üçün ciddi addımlar atmalıyıq. Bu gün mədəniyyətlərarası, dinlərarası dialoqun artmasına, terrorla effektiv mübarizə üçün bütün Avropa ölkələrinin bu istiqamətdə əməkdaşlığının genişlənməsinə çox böyük ehtiyac var. Terror bir insanlıq düşmənidir. Biz heç birimiz ondan sığortalanmamışıq. Üzv ölkələrə bu barədə daha çox dəstək verməliyik. Bizimlə bərabər terrordan uzun illər əziyyət çəkən digər üzv ölkə Türkiyə Suriya və İraqla böyük sərhəddə malikdir və terrora qarşı böyük mübarizə aparır. Türkiyədə minlərlə insan terrorun qurbanı olub və terrora qarşı mübarizədə Avropa ölkələri və təşkilatımız Türkiyəyə daha çox dəstək verməlidir. Bir daha vurğulayram – terrorla mübarizədə Avropa ikili standartlara yol verməməlidir.”