Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 və 07/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin bank lisenziyaları ləğv edilib.
AMB-dən Trend-ə verilən məlumata görə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 27.01.2016-cı il tarixdən banklara müvəqqəti inzibatçı təyin edilib.
Mərkəzi Bank bildirir ki, “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və Fond tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.