Azərbaycanda gələcəkdə qəbul imtahanı yalnız yüksək müsabiqə vəziyyəti yaranan ixtisaslara qəbul olmaq üçün keçirilə bilər.
Bunu Trend-ə müsahibəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə kolleclərə və ali məktəblərin bəzi ixtisaslarına tələbə qəbulunun vahid imtahan modeli – buraxılış imtahanlarının nəticələri əsasında aparılmasının gələcəkdə qəbul imtahanlarının ümumiyyətlə ləğv olunmasına, qəbulun buraxılış imtahanlarının nəticələri əsasında aparılmasına səbəb olub-olmayacağına aydınlıq gətirərkən deyib.
Komissiya sədri qeyd edib ki, gələcəkdə tələbə qəbulunun əsasən buraxılış imtahanlarının nəticələri əsasında aparılmasını istəyirlər: “Ola bilsin ki, dövlət sifarişli yerlərə və müsabiqə vəziyyəti çox yüksək olan hansısa xüsusi ixtisaslara qəbul olmaq üçün qəbul imtahanı keçiriləcək. Amma yüksək müsabiqə vəziyyəti yaranmayan ixtisaslara qəbul buraxılış imtahanının nəticələri əsasında aparıla bilər”.
M.Abbaszadə bildirib ki, həmin ixtisaslara qəbula görə buraxılış imtahanının nəticələrinin nəzərə alınması üçün buraxılış imtahanlarının heç olmasa 5 fənn üzrə keçirilməsi lazımdır. Bunu isə birdən-birə etmək olmaz. Fənlərin sayı tədricən artırılmalıdır: “Ola bilsin ki, 1 ildən sonra buraxılış imtahan fənlərinin sayı 4 olsun. Onda müəyyən ixtisaslara 4 fənnin nəticələri əsasında qəbul aparmaq mümkün olar. Amma bunların da hansı ixtisaslar ola biləcəyini hələ demək mümkün deyil. Bu, bəlkə də daha çox tələbə cəlb etmək istədiyimiz kənd təsərrüfatı ixtisasları olacaq”.
TQDK sədri deyib ki, ali məktəblərə buraxılış imtahanının nəticələri əsasında qəbulun aparılmasına ali məktəblərin özlərinin də razılığı olmalıdır: “Belə olanda biz buraxılış imtahanlarının nəticələrini nəzərə ala bilərik. Çünki ali məktəblər özləri hansı kontingenti görmək istədiklərini bildirirlər. Hansısa ali məktəb buraxılış imtahanının nəticələri əsasında qəbulun aparılmasına razıdırsa, buraxılış imtahanı da heç olmasa 5 fənn üzrə olarsa, onda biz buraxılış imtahanlarının nəticələrini daha çox ixtisaslara qəbulda nəzərə ala bilərik. Bu məsələ ilə bağlı ali məktəblərlə də iş aparılmalıdır. Təbii ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, qəbul qaydalarının təkmilləşdirilməsi, ali məktəblərdə kontingentin formalaşdırılması ilə bağlı maddələrə aid işlər tədricən aparılacaq”.