Bu gün Ali Məhkəmənin növbəti Plenumu keçirilib. Ali Məhkəmənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Plenumda Ali Məhkəmənin sədri Ramiz Rzayev prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarının icrası ilə əlaqədar məhkəmə sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Sonra Plenumda “Təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” məsələ müzakirə olunub. Bu məsələ barədə Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə məruzə edib. Bundan sonra müzakirələr aparılıb. Müzakirə olunan məsələnin nəticəsində Plenum “Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” tövsiyə xarakterli qərar qəbul edib.
Plenumda müzakirəyə çıxarılan ikinci məsələ isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2008-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyəti ilə bağlı olub. Məsələ ilə əlaqədar Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədri Mahmud Nəbiyevin məlumatı və Ali Məhkəmənin hakimi Şahin Yusifovun məruzəsi dinlənilib.
Plenumda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimləri tərəfindən baxılan işlər üzrə təqsirləndirilən şəxslər barəsində cinayət cəzalarının təyin edilməsi təcrübəsi, məhkəmə qərarlarının yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi və ya ləğv edilməsinin səbəbləri barədə müzakirələr aparılıb. Müzakirədə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin fəaliyyətində müsbət təcrübə ilə yanaşı bir sıra nöqsanların da olduğu qeyd olunub.
Plenum konkret mülki işlərə də baxıb. Müzakirə olunan məsələlər və baxılan mülki işlər barədə müvafiq qərarlar qəbul edilib. Plenumun işində Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, Baş Prokuror Zakir Qaralov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov da iştirak edib.