Hansı namizədin foto-plakatı daha uğurludur?


Mütəxəssislərin qənaəti fərqli oldu

Prezident seçkilərinin təbliğat kampaniyasına sentyabrın 17-dən start verilib. Artıq namizədlərdən beşinin foto-plakatları ölkə üzrə təyin olunan yerlərə vurulub. Azərbaycanın bəzi seçki texnoloqlarının foto-plakatların seçiciləri cəlb etmək baxımından nə qədər əhəmiyyətli olması ilə bağlı çox fərqli fikirləri var.
Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət Mərkəzinin rəhbəri Eldar İsmayılov APA-ya açıqlamasında deyib ki, Azərbaycanda foto-plakatlar seçkidə uğur qazanmaq üçün elə bir əhəmiyyət kəsb etməsə də, seçicilərə təqdim olunan şəkillər arasında ən cəlbedicisi İlham Əliyevin foto-plakatlarıdır. E. İsmayılovun sözlərinə görə, digər foto-plakatlarda xüsusi orijinallıq yoxdur.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə namizədlərin foto-plakatlarını “tanışlıq baxımından yaxşı şəkillər” kimi səciyyələndirib: “İlham Əliyevin şəkilləri foto effekt baxımından yaxşıdır. Amma yaxşı olardı ki, bütün foto-plakatlarda namizədin platformasını əks etdirən şüarın olması da məqbul olardı. Bu baxımdan, məncə Qüdrət Həsənquliyevin foto-plakatı uğurludur”. Ə. Nuriyev bildirib ki, fotolar namizədin həm fəaliyyətini, həm də vədlərini özündə əks etdirə bilər: “Təəssüf ki, bu fotolar cəmi 5-7 faiz seçiciləri özünə cəlb edə bilir”.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə deyib ki, hər hansı namizəd seçkiyə qatılmazdan əvvəl 3 meyarı nəzərə almalıdır. Bunlar vaxt, insan resursu və puldur: “Seçki təbliğatı başlasa da cəmi 4-5 namizədin şəkilləri cəmiyyətə təqdim olunub. Bu onu göstərir ki, bəzi namizədlər prosesə ciddi hazırlaşmayıblar. Şəkillərin cəlbediciliyi də yüksək səviyyədə deyil. Xüsusi texnologiyalardan istifadə olunmayıb. Namizədlərdən İlham Əliyevin və Qüdrət Həsənquliyevin foto-plakatları uğurlu seçilib”. M. Zülfüqarlı namizədlərin təbliğat fəaliyyəti ilə bağlı monitorinq apardıqlarını da söyləyib.
Azərbaycan Reklamçılar İttifaqının sədri Hacəmi Atakişiyev isə namizədlərin foto-plakatlarını peşəkar baxımdan səciyyələndirib: “İlham Əliyevin foto-plakatı təqdimat baxımından uğurlu seçilib. Burada heç bir əlavə komponentlərdən istifadə edilməyib və o, bununla demək istəyir ki, bu, Mənəm. Bu baxımdan İlham Əliyevin plakatı effektlidir. Digərlərində isə süni elementlər mövcuddur. Bu daha çox İqbal Ağazadə, Qüdrət Həsənquliyev və Fazil Qəzənfəroğlunun foto-plakatlarında özünü göstərir. Fazil Qəzənfəroğlunun plakatı isə düzgün seçilməyib. Burda daha çox turist elementləri var. Pencəyi qolunda, arxada isə qədim şəhər”. H. Atakişiyevin sözlərinə görə, siyasi reklamda şəxs təqdim olunmalıdır: “Siyasi reklamda şəxsin təqdimatı konkret olmalıdır. Çünki ətrafında olan komponentlər fikri yayındırır”.
Reklam meneceri Nadir Bədəlovun fikrincə, plakatlar beynəlxalq standartlara cavab vermir: “Birincisi, prezidentliyə namizədin fotosu cəmiyyətə A2 formatında təqdim olunmamalıdır. Fotolar isə özlüyündə pis deyil. Məncə, namizədlər arasında yalnız İlham Əliyevin cəmiyyətlə tanışlığa ehtiyacı yoxdur. Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev fotoları siyasi reklamçılıq baxımından adidir. İqbal Ağazadənin foto-plakatındakı görüntü və şüarla bağlı müsbət tapıntılar var”. N. Bədəlovun sözlərinə görə, adi seçici üçün bu plakatlar arasında fərq yoxdur: “Özünü cəmiyyətə tanıtmaq istəyənlər üçün isə bu bir şansdır”. N. Bədəlov deyib ki, Avropada keçirilən seçkilərdə iştirak edən namizədlər foto-plakatlarında daha iri və özündə siyasi məqamları ehtiva edən elementlərə üstünlük verirlər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO