Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş əldə olunmadı. Bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini şərh edərkən deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın mövqeyini bir daha bəyan etdi: “Cənab Prezident bütün dünyaya bir daha mesaj verdi ki, biz torpaqlarımızın işğal altında qalması ilə razılaşmayacağıq və nə yolla olursa-olsun, torpaqlarımızı işğaldan azad edəcəyik”.
E.Məmmədovun sözlərinə görə, ona görə münaqişənin həllində heç bir irəliləyiş yoxdur ki, Ermənistana cinayətkar bir qrup rəhbərlik edir: “Bu cinayətkar qrup mümkün qədər çalışır ki, status-kvonu saxlasın. Çünki münaqişənin həlli həm də onların sonu deməkdir”.
Deputat münaqişənin həllinə vasitəçilik edən Minsk qrupunun da fəaliyyətinin səmərəsiz olduğunu diqqətə çatdırıb. O bildirib ki, Minsk qrupunun həmsədrləri münaqişənin həllində vasitəçilikdən çox Ermənistanı dəstəkləyən tərəf kimi çıxış edirlər: “Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi halda ona heç bir təzyiq göstərilmir, əksinə, dəstək verilir. Biz buna çox təəssüf edirik”.
E.Məmmədov qeyd edib ki, bu vəziyyətdə Azərbaycanın yalnız bir yolu qalır: “Azərbaycan hər gün, hər saat öz hərbi, iqtisadi gücünü, nüfuzunu artırmalıdır və güclənməkdə davam edərək məsələnin həllinə nail olmağı bacarmalıdır”.