“Prezident İlham Əliyevin vurğuladığı kimi xalqın maraqları hər şeydən üstün olmalıdır. Ondan üstün heç nə ola bilməz. Prezident İlham Əliyev xalqın elçisi, xalq tərəfindən seçilən bir insandır. Hökumətdəkilər isə hamısı təyin edilən şəxslərdir. Xalqın etimadını qazanan adamın verdiyi tapşırıqlar, göstərdiyi istiqamətlər müzakirə olunmayan məsələlərdəndir. Artıq ölkə başçısı tapşırıqlarını verib, siyasi mövqeyini ortaya qoyub. Bu mövqe xalqın fikrinə əsaslanaraq ortaya qoyulub və verilən tapşırıqların da hamısı məmurlar tərəfindən vicdanla, insafla, xalqı nəzərə alaraq dərhal icra olunmalıdır. Prezidentin tapşırıqlarını yerinə yetirməyənlər bilməlidirlər ki, əks təqdirdə buna görə qanunayğun şəkildə cavab verməli olacaqlar”.
Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin komitə sədri Fuad Muradov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında səsləndirdiyi fikirlər və qoyduğu tapşırıqlara münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, dövlət başçısı hər zaman olduğu kimi bu dəfə də insanları, cəmiyyəti narahat edən məsələləri, hökumətin görməli olduğu işləri sadaladı və bu sahədə hökumət üzvlərinin hansı addımları atmalı olduğunu, istiqamətləri çox dəqiq göstərdi: “Təbii ki, son zamanlar bütün dünyada baş verən iqtisadi və maliyyə böhranı Azərbaycana da öz təsirini göstərdi. Bu proseslərin hər yerdə olduğu kimi Azərbaycanda da müəyyən fəsadları var. İndi hökumət üzvləri Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında müəyyən istiqamətlər üzrə qoyduğu tapşırıqları həyata keçirməlidirlər. Əvvəla, hökumət süni bahalaşmanın qarşısının alınması istiqamətində tədbirlər görməlidir. Dövlət başçısı xüsusi vurğuladı ki, bu məsələdə təkcə cərimələrlə kifayətlənmək olmaz, hüquq-mühafizə orqanları çox ciddi tədbirlər görməlidirlər. Eyni zamanda, hökumət tərəfindən işbazların vətəndaşların hesabına süni qiymət artımından varlanmasına çox ciddi nəzarət olunmalı və bu nəzarət getdikcə güclənməlidir”.
Komitə sədrinin sözlərinə görə, bəzi insanlar bu şəraitdən sui-istifadə edərək öz məqsədlərinə nail olmaq üçün müəyyən dividentlər qazanmaq istəyirlər: “Azərbaycan xalqı birmənalı olaraq bilir ki, bu gün dövlət başçısı bütün lazımi addımları atır və tapşırıqları verir, hökumət üzvləri də gündəlik olaraq bu məsələlələrin həlli ilə məşğuldur”.
F.Muradovun fikrincə, növbəti istiqamət yeni iş yerlərinin açılması ilə bağlıdır: “Prezident İlham Əliyev son illər neft gəlirlərini düzgün istiqamətləndirərək yeni iş yerlərinin açılması məqsədilə ciddi proqramlar imzalayıb. Azərbaycanda kifayət qədər dövlət qurumu var ki, bu illər ərzində neft gəlirlərindən bəhrələnərək müəyyən işlər görüblər. Bu, eyni zamanda yeni iş yerlərinin də açılmasına stimul olub. Dövlət başçısı bəyan etdi ki, hökumət bu gün sosial baxımdan zəif təbəqəni qorumalıdır. Dövlət qurumlarını Prezident İlham Əliyevin göstərdiyi istiqaməti dərindən təhlil etməyə çağırıram. Dövlət başçısı vurğuladı ki, yerli icra strukturları yeni sənaye parkları, yeni iş yerlərinin açılması məsələlərinə çox ciddi yanaşmalı, bunu dövlətin əsas siyasi prioriteti kimi qəbul etməlidirlər. İnsanlar əmin olmalıdırlar ki, dövlət başçısının bu istiqamətdə atdığı addımların hər biri onların rifahının daha da yaxşılaşdırılması üçündür. Təbii ki, heç də asan dövr deyil. Buna baxmayaraq, dövlət büdcəsində sosial istiqamət üzrə geriləmə yoxdur. Dövlət bütün öhdəlikləri həyata keçirir”.
Onun fikrincə, bu məsələdə əhali də aktiv olmalıdır: “Əhali də öz dəstəyini göstərməlidir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, ictimai nəzarət çox güclü olmalıdır. Cəmiyyət hər hansı nöqsan və ya qanunsuzluqla bağlı dərhal reaksiya verməlidir. Biz də millət vəkili olaraq bu istiqamətdə öz işimizi görməli, fikirlərimizi bildirməliyik. Dövlət Azərbaycanda bu günədək olan sosial rifah, yüksəlişi qoruyub saxlamaq marağındadır və bununla bağlı işlər də görülür. Sadəcə olaraq, dünyada gedən ümumi proseslər, neftin qiyməti ilə bağlı məsələlər öz təsirini göstərir. Amma vəziyyət o dərəcədə deyil ki, təşvişə səbəb olsun. Buna lüzum və səbəb yoxdur. Əminəm ki, bu istiqamətdə dövlət başçısının hüquq-mühafizə orqanları qarşısında qoyduğu tapşırıqlar öz nəticəsini verəcək. Xüsusən regionlarda icra hakimiyyətləri anlamalıdırlar ki, indi hər birimiz hansısa şəxsi maraqlarımızı yox, cəmiyyət olaraq birlikdə vəziyyətdən çıxmaq və dövlətçiliyimizi qorumaq barədə düşünməliyik. Azərbaycanın müstəqilliyindən vacib heç nə yoxdur. Bu müstəqilliyin qorunması isə Prezident İlham Əliyevin qoyduğu tapşırıqların icrasından, görülən işlərdən asılıdır”.