Kristofer Smit radikal müxalifəti parçaladı?

Kristofer Smit radikal müxalifəti parçaladı?ABŞ Konqresində rəsmi Bakıya qarşı “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsini dəstəkləmək üçün petisiya tərtib etmiş və anonim qalmağa üstünlük verən müəlliflər bilərəkdən yalnız hakimiyyətlə bağlı müddəaları açıqlayırlar ki, sənədin antiazərbaycan mahiyyətini gizlətsinlər, beləliklə də, insanlar əsas sənədin mətnini tam oxumadan petisiyanı imzalasınlar.

Trend-in məlumatına görə, bunu Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli “Facebook” səhifəsində ABŞ Konqresində konqresmen Kristofer Smit tərəfindən irəli sürülən rəsmi Bakıya qarşı “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsi barədə fikirlərini bölüşərkən qeyd edib.

V.Hacıbəyli hesab edir ki, yalnız sənədlə tanış olduqdan sonra onun Azərbaycan xalqının mənafeyinə uyğunluğu haqda danışmaq olar. Onun fikrincə, qanun layihəsi energetika da daxil olmaqla iqtisadi sanksiyaların tətbiqini nəzərdə tutur və Azərbaycana ziyan olduğu üçün rədd edilməlidir: “14 səhifəlik həmin sənədin 80 faizi xalqa qarşıdır. Diqqətli olun, oxuyun, öyrənin, öz əlimizlə özümüzü bəlaya salmağa imkan verməyin”.

V.Hacıbəyli qeyd edib ki, qanun layihəsində Azərbaycan hökuməti ilə energetika sektoru daxil olmaqla iqtisadi əlaqələrin kəsilməsi, Azərbaycanla əvvəl imzalanan sazişlər də daxil olmaqla layihələrin maliyyələşdirilməsinə qadağalar, Azadlığa Dəstək haqqında qanuna 907-ci düzəlişdən vetonun götürülməsi kimi müddəalar nəzərdə tutulursa, bunun Azərbaycan xalqına nə faydası ola bilər?

“Azərbaycana tətbiq edilməsi planlaşdırılan sanksiyaların indiyədək Belarusa, İrana və hətta Krımın işğalından sonra Rusiyaya tətbiq edilən sanksiyalardan daha sərt olması heç kəs tərəfindən sübhə doğurmursa, bu qanun layihəsinin Azərbaycanın dostları tərəfindən hazırlandığını iddia etmək üçün hansı əsaslarımız var?”

Xatırladaq ki, “milli şura”da təmsil olunan qurumlardan birinə rəhbərlik edən Əli Kərimli iddia edib ki, Azərbaycan xalqı bu sanksiyaların tətbiqindən hər hansı şəkildə zərər görməyəcək.

Müsavat Partiyasının başqanı Arif Hacılı da qardaşı V.Hacıbəyli ilə razı olmadığını dilə gətirib. Beləliklə, radikal müxalifət antiazərbaycan təşəbbüsə münasibətdə iki yerə parçalanıb.

Araşdırma nəticəsində bəlli olub ki, qanun layihəsinin qəbuluna dəstək məqsədilə “zəhmətkeş məktubları”(petisiya) təşkil etmək ideyası hazırda ABŞ-da yaşayan və açıq şəkildə antiazərbaycan dairələrin əlində alətə çevrilən Elmar Şaxtaxtinskinin dəstəsindən gəlib. O öz ətrafına ABŞ-da yaşayan və təhsil alan bir qrup gənci toplaya bilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO