Ermənistan tərəfinin Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə iki qətnamə layihəsinin qəbul edilməsinə mane olmaq üçün məntiqi arqumentləri yoxdur, qanun və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bunu Trend-ə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Qeyd edək ki, noyabrın 4-də AŞ PA Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər işğal edilmiş ərazilərindən çıxarılmasına çağırmışdı. Bu barədə AŞ PA-nın Siyasi məsələlər komitəsinin məruzəçisi Robert Valterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı hesabat əsasında həmin komitədə qəbul olunan qətnamə layihəsində deyilir.
AŞ PA, həmçinin Minsk prosesi çərçivəsində həmin ərazilər üzərində Azərbaycanın tam suverenliyini tanımağa çağırıb.
Noyabrın 3-də isə AŞ PA-nın Sosial məsələlər komitəsi “Azərbaycanın sərhədyanı regionlarının sakinlərinin sudan bilərəkdən məhrum edilməsi” adlı qətnamə layihəsini qəbul etmişdi.
S.Seyidovun sözlərinə görə, qətnamə layihələri AŞ PA-nın qış sessiyası çərçivəsində müzakirələr üçün artıq təsdiq edilib: “Ermənistan tərəfi təsdiq edilmiş qətnamələrin uğursuzluğa düçar olması üçün müxtəlif növ təxribatçı addımlar atacaq”.
O, ermənilərin Avropa Parlamenti deputatlarını pulla öz tərəfinə çəkməyə çalışacaqlarını da istisna etməyib: “Qaydalarla hərəkət etməyən oyunçu ilə oynamaq çox çətindir. Ermənilər beynəlxalq hüquq normalarına müvafiq hərəkət etsəydilər, Azərbaycan torpaqları çoxdan azad edilmişdi”.
S.Seyidov əlavə edib ki, Azərbaycan nümayəndə heyəti qış sessiyası zamanı iki sənədi yalnız Avropa Şurası qanunları çərçivəsində müzakirə etməyə hazırlaşır: “Biz hər zaman yalnız qanun çərçivəsində fəaliyyət göstəririk”.
Qətnamə layihələrinin AŞ PA-nın qış sessiyasında təsdiq edilib-edilməyəcəyinə gəlincə, o, diqqətə çatdırıb ki, hər şey Avropanın Ermənistanın hərəkətlərinin cəzasız qalmasının beynəlxalq ictimaiyyət üçün nə qədər təhlükəli olmasını anlayacağından asılıdır: “Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal faktına, Ermənistanın təcavüzü nəticəsində yaranmış qaçqın və məcburi köçkün probleminə vaxtında diqqət ayırsaydı, hazırda Avropanın yaşadığı problemlərin qarşısı alına bilərdi”.