Nardaran qəsəbəsində baş verən son hadisələrə Azərbaycanda müəyyən müxalifət qüvvələrinin, eləcə də Milli Şuranın ayrı “don” geyindirməsi və bunu əhalinin sosial problemləri, qəsəbə əhalisinin incidilməsi ilə əlaqələndirməsi çox təəssüfedici haldır.
Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Nardaranda baş verənləri xoşagəlməz hal adlandıran deputat qeyd edib ki, qəsəbədə əhali incidilmir və hər hansı təzyiqə məruz qalmır.
Deputat qeyd edib ki, Nardaran hadisələrinə belə “don”un geyindirilməsi təxribatdır.
Din pərdəsi altında İraq, Suriya və digər ölkələrdə bir çox hadisələrin baş verdiyini xatırladan T.Rzayev əlavə edib ki, Nardaranda baş verənlərin islam dini ilə heç bir əlaqəsi yoxdur: “Nardaranlıların dinə, Allaha bağlı olmasından istifadə edərək onları əyri yola çəkmək istəyirlər. Nardaranlılar buna getməməlidirlər, çünki onlar müəyyən dairələr tərəfindən aldadılırlar. Bu, Nardaranda baş verən birinci hadisə deyil. Çox təəssüflər olsun ki, daxildə olan müxalif qüvvələr, eləcə də xaricdə onlara dəstək verənlər nardaranlılarla birləşərək Azərbaycan əleyhinə müəyyən təxribatlar törədirlər. Əslində, qəsəbədə baş verənləri bütün nardaranlıların adına yazmaq olmaz. Bu hadisələri din pərdəsi altında çirkin niyyətlərini həyata keçirmək istəyən bir qrup ekstremist qüvvələr törədir, özlərinə lazım olan bir necə adamı ətraflarına yığaraq təxribatlar həyata keçirmək istəyirlər”.
T.Rzayev qeyd edib ki, Nardaranın sözükeçən, ağsaqqal insanları özlərində iradə taparaq bu hadisələri obyektiv qiymətləndirməli və bu hadisələrin Azərbaycana qarşı törədilən təxribat, ölkədə ictimai-siyasi sabitliyin pozulması cəhdi olduğunu başa düşməlidirlər.