Prezident İlham Əliyev: Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər bütün istiqamətlərdə uğurla inkişaf edir

Prezident İlham Əliyev: Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər bütün istiqamətlərdə uğurla inkişaf edirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanovu qəbul edib.

Trend-in məlumatına görə, dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında bu il artıq ilk buraxılışın olmasının və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ölkəmizdə fəaliyyətə başlamasının önəmini qeyd edib.

Dövlətimizin başçısı təhsil sahəsində əməkdaşlığımızın digər formalarının müəyyənləşdirilməsinin zəruriliyini də qeyd edib.

Azərbaycanlı tələbələrin Rusiyanın müxtəlif ali məktəblərində təhsil almalarını əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığımızın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, müxtəlif sahələr üzrə mütəxəssislərin hazırlanmasında təhsilin hər iki ölkə üçün əhəmiyyətli olduğunu deyib.

Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanov ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi işinə xüsusi diqqət göstərdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının uğurlu fəaliyyətini məmnunluqla qeyd edən Dmitri Livanov Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının da Azərbaycanda nüfuz qazanacağına və peşəkar tibb işçilərinə olan tələbatın ödənilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb. Rusiyanın təhsil və elm naziri Azərbaycan İqtisad Universitetinin Dərbənd filialının fəaliyyətini təhsil sahəsində qarşılıqlı əməkdaşlığın nümunəsi kimi dəyərləndirib.

Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO