Azay Quliyev: Regionda olan dövlətləri zəiflətmək üçün çirkin oyunlara gedirlər

Azay Quliyev: Regionda olan dövlətləri zəiflətmək üçün çirkin oyunlara gedirlərYaxın günlərdə ATƏT Parlament Assambleyasının Bürosunun və Nazirlər Şurasının növbəti toplantısının keçirilməsi gözlənilir. Trend ATƏT PA-nın Büro üzvü, Siyasi məsələlər komitəsinin sədr müavini Azay Quliyevin gündəlikdə olan məsələlərlə bağlı münasibətini təqdim edir.

– Azay müəllim ATƏT PA-nın Büro iclası nə zaman keçiriləcək və gündəlikdə dayanan əsas məsələlər hansılardır?

– 2 dekabr 2015-ci ildə Serbiyanın paytaxtı Belqradda ATƏT PA-nın Bürosunun cari ildə sonuncu toplantısı keçiriləcək. Gündəlikdə dayanan əsas məsələ son vaxtların aktual mövzusu olan miqrant və qaçqınlarla bağlı Avropada yaranmış böhranlı vəziyyətdir. Bir sıra Yaxın Şərq ölkələrində gedən vətəndaş müharibəsinin nəticəsi olaraq ATƏT ölkələrinə miqrant axını ilə bağlı yaranmış vəziyyət Büronun iclasında müzakirə olunacaq və PA-nın bu məsələyə münasibəti açıqlanacaq. Toplantıda, eyni zamanda təşkilatın baş katibinin hesabatının dinlənilməsi və 2016-cı ildə PA-nın iclaslarının qrafikinin müzakirə edilərək qəbul edilməsi planlaşdırılır.

– Parisdə baş vermiş son terror hadisəsi bu mövzuya yeni yanaşmanın ortaya qoyulmasına gətirib çıxara bilərmi? Sizcə, problemin həlli üçün hansı addımlar atılmalıdır?

– Fransada baş vermiş terrorun hədəfi yalnız bir ölkənin vətəndaşları deyil, bütün dünyanın təhlükəsizlik sistemidir. Dinc insanların vəhşicəsinə qətlə yetirilməsi dəhşətli hadisədir, bu qanlı hadisənin sifarişçi və icraçılarını qətiyyətlə pisləyirəm. Parisdə törədilən bu hadisə bir daha göstərdi ki, heç bir dövlət terrordan sığortalanmayıb. Terrorla yalnız bir dövlətin mübarizəsi fayda verə bilməz. Bu bütün dünyanın ortaq problemidir və ancaq ardıcıl, sistemli şəkildə aparılacaq siyasətlə onu həll etmək mümkündür. Yaranmış problemləri həll etmək üçün ilk olaraq onları yaradan səbəbləri aradan qaldırmalıyıq. Bunun üçün Yaxın Şərqdə hazırda baş verən məlum hadisələrdən ciddi nəticələr çıxarılmalıdır.

Enerji resurslarını ələ keçirmək naminə min illərdir formalaşmış mədəniyyətləri məhv etmək, ölkələri viran qoymaq, insanları dinc yaşayış imkanından məhrum etmək, İŞİD kimi terror təşkilatlarına gizli dəstək vermək tamamilə yanlış siyasətdir. Bu cür təhlükəli fəaliyyətin arxasında dayananlar da mütləq nə zamansa özləri də əziyyət çəkəcəklər. Ancaq çox təəssüflər olsun ki, Avropa İttifaqı bu cür qlobal əhəmiyyətli problemlərlə məşğul olmaq əvəzinə, bəzən müxtəlif ölkələrin daxili işlərinə müdaxilə etməklə məşğul olur. Müəyyən qlobal güclər bir çox hallarda dünyanın təhlükəsizlik məsələləri ilə əlaqədar prioritetləri gündəmdə saxlamaq əvəzinə, müxtəlif regionlardakı dövlətləri zəiflətmək üçün çirkin oyunlara gedirlər. Bəzən isə, təəssüflər olsun ki, ATƏT və ATƏT PA-nı da bu cür oyunların iştirakçısına çevirməyə çalışırlar. Bu, əlbəttə, qəbulolunmazdır və nə ATƏT PA-nın, nə də dövlətlərin mütləq əksəriyyətinin milli maraqlarına cavab verir.

Güclü, mərkəzləşmiş dövlətlərin olmadığı ölkələr, eləcə də münaqişə nəticəsində dövlətin nəzarətindən kənarda qalmış, separatçı rejimlərin hökm sürdüyü ərazilər terror təşkilatlarının fəaliyyəti üçün münbit şərait yaradır. Bu, təcrübədə dəfələrlə acı təsdiqini tapmış məsələdir. 20 ildən artıqdır ki, Azərbaycanın BMT-nin tanıdığı sərhədləri daxilində, tarixi torpağımız olan Qarabağda ermənilərin yaratdığı terrorçu rejim buna bariz nümunədir.

– Azay müəllim, ATƏT DTİHB-nin Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtina etməsi nəyi dəyişdi?

– ATƏT PA-nın DTİHB-nin qərarını rəhbər tutaraq 1 noyabr seçkilərinə müşahidəçi göndərməkdən imtina etməsi əlbəttə ki, Milli Məclisə demokratik və azad şəkildə keçirilmiş seçkilərə kölgə sala bilmək gücündə deyil. Ancaq düşünürəm ki, bu qərar səhv və qərəzli olmaqla yanaşı, həm də ATƏT PA-nın mandatına uyğun deyil. Belə bir qərar verməklə bu qurum nəyə nail oldu? Müxtəlif təşkilatları təmsil edən yüzlərlə beynəlxalq müşahidəçinin iştirakı ilə Azərbaycanda şəffaf, azad və demokratik şəkildə seçkilər keçirildi. Seçicilər siyasi iradələrini nümayiş etdirərək qanunverici orqanın növbəti 5 il müddətində tərkibini müəyyən etdilər. ATƏT PA-nın tamamilə yanlış rəylər və antiazərbaycan qrupların təsiri ilə qəbul etdiyi bu qərar anlaşılan deyil. Bu baxımdan hesab edirəm ki, buraxılan səhvlərin aradan qaldırılması üçün qarşıdakı dövrdə bu qurum tərəfindən zəruri addımlar atılmalı və ölkəmizlə bərabərhüquqlu tərəfdaş kimi səmərli əməkdaşlıq edilməlidir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO