XİN: Yaranmış vəziyyətə görə bütün məsuliyyət tamamilə Ermənistanın üzərinə düşür

XİN: Yaranmış vəziyyətə görə bütün məsuliyyət tamamilə Ermənistanın üzərinə düşürErmənistanın xarici işlər naziri Edvard Nalbandyan müsahibəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilendə verdikləri bəyanatları və ATƏT-in Helsinki Yekun Aktının prinsiplərinin mahiyyətini təhrif edir, öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmağa cəhd göstərir. Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev E.Nalbandyanın müsahibəsinə cavab olaraq bildirib.

O, qeyd edib ki, bu, həmçinin Ermənistan XİN-in beynəlxalq sənədləri dərk etmə səviyyəsinin dayazlığını göstərən növbəti faktdır: “1975-ci il Helsinki Yekun Aktında öz təsbitini tapmış prinsiplərin üzvü şəkildə bir-biri ilə bağlı olduğu və onların bərabər və ümumilikdə tətbiq olunmasının vacibliyi qeyd olunaraq, ilk növbədə bir dövlətin digər dövlətin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinməsi kimi öhdəliyinin olduğu qeyd olunur. Eləcə də dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri bir daha təsdiq olunaraq, güc vasitəsilə ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır. Bununla bərabər, dövlətlərin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı gücdən istifadə nəticəsində yaranmış vəziyyətin hüquqi qəbul edilməməsinə dair dövlətlərin öhdəliyi var”.

H.Hacıyev əlavə edib ki, xalqların öz müqəddəratını təyin etməsi hüququnun ifadəsi hər hansı dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı fəaliyyətin həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz: “Helsinki Yekun Aktının 8-ci bəndində yazılır: “İştirakçı dövlətlər xalqların bərabər hüquqları və öz müqəddaratını təyin etmək hüququna hörmət edərək, bütün hallarda BMT Nizamnaməsinin məqsəd və prinsipləri və beynəlxalq hüququn müvafiq normaları, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə fəaliyyət göstərəcəklər”. Həmsədr ölkələrin prezidentlərinin qeyd olunan bəyanatında Helsinki Yekun Aktına uyğun olaraq, münaqişənin həllinə dair prinsiplər bu ardıcıllıqla verilib: güc tətbiq etməmək və ya güc tətbiq edərək hədələməmək, dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə. Güc tətbiq etmək və ya güc tətbiq edərək hədələmək prinsipindən çox danışan Ermənistan tərəfi hələ də anlamır ki, bu prinsipdən irəli gələn şərtlərin icra edilməsi məsuliyyəti də bilavasitə Ermənistana aiddir. Hərbi güc tətbiq edərək, Azərbaycanın ərazilərini işğal edən tərəf Ermənistandır. Azərbaycanın işğal edilmiş ərazilərində çoxsaylı hərbi kontingent saxlayaraq, hədə doğuran tərəf də məhz Ermənistandır”.

XİN rəsmisi bildirib ki, indi Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edərək ərazilərin işğalı və törədilmiş etnik təmizləmənin nəticələrini “öz müqəddəratını təyinetmə” kimi təqdim etməyə cəhd göstərir: “Bu sadəcə olaraq, Ermənistanın Azərbaycana qarşı işğalını uğursuz formada pərdələmək cəhdindən başqa bir şey deyil. Azərbaycan dəfələrlə bəyan edib ki, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə xələl gətirmədən, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycan və erməni icmalarının müvafiq muxtariyyət statusu əsasında bu hüquqdan istifadə edə bilərlər. Qeyd olunanlarla bərabər, münaqişənin həllinin hüquqi-siyasi əsasları, xüsusilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində müəyyən olunub. Qətnamələr Azərbaycanın ərazilərinin işğal edilməsini qınayıb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edib. Eləcə də Təhlükəsizlik Şurası bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiq edib və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdiriblər”.

H.Hacıyev deyib ki, Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tam hörmətsizlik edərək və beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq özünün qeyri-real işğalçılıq iddialarında təkid etməkdə, işğal edilmiş ərazilərin fiziki, demoqrafik və mədəni adlarını dəyişdirərək və yüz minlərlə məcburi şəkildə köçürülmüş azərbaycanlının öz doğma yurdlarına qayıtmasını və bu ərazilərdəki öz əmlakına sahib olmaq hüququnu rədd edərək hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir: “Yaranmış vəziyyətə görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO