Azərbaycan Parlamenti İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatını qəbul edib

Azərbaycan Parlamenti İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatını qəbul edib. Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında daxili işlər nazirinin müavini Vilayət Eyvazovun Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair hesabatı dinlənilib. Hesabatda vurğulanır ki, 2009-cu ilin ötən dövrü ərzində həyata keçirilən əməliyyat-profilaktik tədbirlər nəticəsində Azərbaycanda insan alveri ilə bağlı 71 cinayət faktı qeydə alınıb.

Cinayət törədən 18 cinayətkar qrup, o cümlədən 1 mütəşəkkil dəstə zərərsizləşdirilib, bütövlükdə 65 cinayətkar ifşa edilib. Bu cinayətlərin qurbanı olan 82 nəfərdən 47-si, o cümlədən bir uşaq sığınacağa yerləşdirilib, onlara hüquqi, tibbi və psixoloji yardımlar göstərilib, əksəriyyəti cəmiyyətə reinteqrasiya olunub. Qurbanlardan 17 nəfəri işlə təmin edilib, 32 nəfər peşə kurslarına cəlb olunublar.

Sığınacağa yerləşdirilmiş insan alveri qurbanlarının himayəsində olan azyaşlılardan biri Təhsil Nazirliyi tərəfindən internat məktəbinə, üçü uşaq bağçasına yerləşdirilib. İnsan alverindən zərər çəkmiş 76 nəfərə birdəfəlik müavinətlər, 43 nəfərə İnsan alveri qurbanlarına Kömək Fondundan yardımlar verilib, 11 qurbana cinayət nəticəsində dəymiş maddi ziyan məhkəmə proseslərində ödətdirilib.

Cari ilin 9 ayında ictimai mənəviyyat əleyhinə olan hüquqazidd əməllərlə bağlı 217, o cümlədən fahişəliyə cəlb etməyə görə 72, əxlaqsızlıq yuvaları saxlama ilə əlaqədar 134 cinayət aşkar edilərək onları törətmiş 160 nəfər məsuliyyətə cəlb edilib. Fahişəliklə məşğul olan 749 qadın barəsində qanunvericiliklə nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri görülüb.

2005-2008-ci illərdə və cari ilin ötən dövründə insan alveri cinayətləri ilə bağlı aşkarlanmış 1298 fakt üzrə 1185 nəfər məsuliyyətə cəlb olunub, 192 cinayətkar qrup, o cümlədən 15 mütəşəkkil dəstə zərərsizləşdirilib.

Trend News

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO